Səhiyyə müəssisələrində 47 həkim və tibb işçisi işlə təmin olunub

2022-04-07 / 10:23:15

Tibb işçilərinin bilik və bacarıqlarının artırılması məqsədilə sertifikasiyaların aparılması, muxtar respublikanın şəhər, rayon və kəndlərində yerləşən səhiyyə müəssisələrində vakant vəzifələrin tutulması məqsədilə imtahan və müsabiqələrin təşkil olunması üçün müvafiq tədbirlər həyata keçirilir. Belə ki, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2020-ci il 6 oktyabr tarixli Qərarı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında tibb işçilərinin dövlət səhiyyə müəssisələrinə işə qəbulu və sertifikasiyasının aparılması Qaydaları”na əsasən Naxçıvan Muxtar Respublikası Dövlət İmtahan Mərkəzi tərəfindən səhiyyə müəssisələrinə işə qəbul üçün 17 dekabr 2021-ci il tarixdə müsabiqə elan edilmişdir. Müsabiqəyə muxtar respublikanın səhiyyə müəssisələri üzrə 434 vakant yer çıxarılmış, 214 namizəd sənəd təqdim etmişdir.


Müsabiqə iki mərhələdə təşkil olunmuşdur. 22-23 fevral 2022-ci il tarixdə keçirilən test mərhələsində 211 namizəd iştirak etmiş və onlardan 62-si müvafiq (40 və daha çox) bal toplayaraq klinik tapşırıq adlanan ikinci mərhələyə buraxılmışdır.
Martın 15-də müsabiqənin klinik tapşırıq hissəsində 61 namizəd iştirak etmişdir. Beş sualdan ibarət olmaqla yazılı şəkildə keçirilən bu mərhələdə namizədlərin praktik bilik səviyyəsi və peşə vərdişlərinin qiymətləndirilməsi mütəxəssislər tərəfindən həyata keçirilmişdir. Klinik tapşırıq hissəsi üzrə hər bir suala verilən cavab 5 ballıq sistem əsasında qiymətləndirilmişdir. İmtahan suallarının test və klinik tapşırıq hissələri üzrə toplanılan ballar ümumiləşdirilərək yekun bal çıxarılmış, 61 namizədin 47-si, o cümlədən 15 həkim və 32 orta tibb işçisi muxtar respublikanın şəhər, rayon və kəndlərində aprelin 1-dən müvafiq vəzifələrə təyin edilmiş və əmrləşdirilərək iş yerlərinə göndərilmişdir.
Muxtar respublikanın kəndlərində müasir səhiyyə müəssisələrinin tikilib istifadəyə verilməsi, tibbi avadanlıqlarla təminat namizədlərin həmin yerlərə marağını artırmışdır. Belə ki, müsabiqədən keçən 47 namizədin 25-i kəndlərdə işlə təmin olunmuşdur.

                                          Naxçıvan Muxtar Respublikası
                                          Səhiyyə Nazirliyinin mətbuat xidməti

                                         “Şərq qapısı” nəşr edilib : 06.04.2022 18:38