Ordubadda tibbi aksiya

2022-01-14 / 15:04:19

Muxtar respublikada şəhid və aztəminatlı ailələrinin, Vətən müharibəsində iştirak edən və yaralanan hərbçilərimizin müalicəsi, sağlamlıqlarının qorunması diqqətdə saxlanılır. Bu məqsədlə Naxçıvan Muxtar Respublika Xəstəxanası onlara ödənişsiz tibbi xidmət aksiyasını davam etdirir. Yanvarın 14-də  keçirilən  növbəti aksiyasının ünvanı Ordubad rayonu olub.

Rayon Mərkəzi Xəstəxanasında keçirilən aksiya üçün əvvəlcədən hazırlıq işləri görülüb, müayinə və müalicə olunacaq 57 nəfərin siyahısı hazırlanıb və xəstəxanaya dəvət edilib. Onlar heç bir kassa ödənişi etmədən, tibbi sığorta göndərişi tələb olunmadan laborator-diaqnostik müayinələrdən keçirilib, təmənnasız cərrahi tibbi müayinə və digər tibbi xidmətlərdən yararlanıblar.

Günorta saatlarınadək aksiyada 44 uşaq sünnət edilib.   Şəhid ailəsindən olan 2 nəfər  fizioterapiya müayinəsi, 3 nəfər isə MRT və digər müayinələr üçün stasionara dəvət edilib.

Valideynlərdən  Arif Pirimov, Aygün Quliyeva  göstərilən diqqət və qayğıya görə Ali Məclisin Sədrinə minnətdarlıq edib və  bütün bunları qazilərə, şəhid və aztəminatlı ailələrdən olan xəstələrə yönəldilmiş xüsusi sağlamlıq layihələrinin uğurlu icrası kimi dəyərləndiriblər.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində şəhid ailələrinə, Vətən müharibəsi qazilərinə və onların ailə üzvlərinə göstərilən səhiyyə xidmətinin keyfiyyətinə nəzarətin təmin edilməsi üçün komissiya yaradılıb. Komissiyanın təşkilatçılığı ilə aksiya muxtar respublikanın digər rayonlarında da ilboyu davam etdiriləcək.

  Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidməti