Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanası Naxçıvanda növbəti humanitar tibbi aksiyaya start verib

2022-01-14 / 11:49:15

               Azərbaycanda Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən geniş dövlət proqramları nəticəsində bu gün ölkə vətəndaşları səhiyyə sahəsində də ən yüksək xidmətlə təmin olunurlar. Bu istiqamətdə görülən işlərə muxtar respublikamızda da verilən töhfələr ölkəmizdə reallaşdırılan sosial siyasətə dəstək xarakteri daşıyır. Muxtar respublikamızın bütün bölgələrində səhiyyə müəssisələrinin ən müasir tələblər əsasında qurulması və zəngin maddi-texniki təminat əhalinin sağlamlığının qorunmasına ilə yanaşı, həm də humanitar tibbi aksiyaların təşkilinə şərait yaradır.

Akademik M.Ə. Mirqasımov adına Respublika Klinik Xəstəxanasının yüksəkixtisaslı həkim heyətinin muxtar respublikaya dəvət olunaraq yerli kadrlarla humanitar tibbi aksiyalar keçirməsi də bu istiqamətdə həyata keçirilən tədbirlərin tərkib hissəsi, insan amilinə verilən dəyərin parlaq ifadəsidir.

Yanvarın 12-də Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının direktoru Azər İsmayılovun rəhbərliyilə 15 nəfərdən ibarət yüksəkixtisaslı həkim heyəti növbəti dəfə muxtar respublikamıza ezamiyyətə gələrək Naxçıvan Diaqnostika Müalicə Mərkəzində humanitar tibbi aksiyaya start verib. Heyətdə yüksəkixtisaslı həkimlərdən pedatr Güllü Əsgərova, nevropatoloq Aytən Məlikova, otolarinqoloqlar Könül Bayramova, Gülyaz Kazımova, uroloq Hüseyn Məsimov, ümumi cərrah Tərlan Rüstəmov, ginekoloq Kənarə Abdullayeva və başqaları  təmsil olunurlar. Onlar şəhid ailələri, qazilər, qazi ailələri və aztəminatlı ailələr arasında müayinələrin və müalicələrin kassa ödənişi olmadan tibbi aksiya təşkil ediblər. 

Qeyd edək ki, aksiya müddətində pasiyentlər cərrahi, hematoloji, uroloji, nefroloji, proktoloji, oftalmoloji və digər tibbi xidmətlərlə də əhatə olunacaqlar. Həkim heyəti tərəfindən əməliyyat olunması tövsiyə edilənlərin pulsuz cərrahiyyə əməliyyatı da aparılır.

Xatırladaq ki, müraciət edən pasiyentlərin hamısını tibbi xidmətlə təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi tərəfindən lazımi şərait də yaradılıb. Aksiya çərçivəsində Naxçıvan Diaqnostika Müalicə Mərkəzinin tibbi heyəti Bakıdan gələn həkimlərlə birgə əhaliyə xidmət göstərir. Bu şəraitdən növbəti dəfə yararlanan şəhid ailələri, qazilər  razılıqlarını ifadə edirlər.

Şəhid leytenant Yadulla Nəcəfovun anası Culfa şəhər sakini  Xuraman Zeynallı keçirilən aksiyadan yararlanıb. O, ürək ağrıları şikayəti ilə həkimə müraciət edib və üzərində koronar angioqrafiya müalicəsi aparılıb.

Xuraman Zeynallı onu da bildirdi ki, ötən ilki aksiyalarda həyat yoldaşı Məhəmməd Nəcəfovun da üzərində təmənnasız açıq ürək əməliyyatı aparılıb. Hazırda vəziyyəti yaxşıdır, həkimlərin göstərdiyi diqqət və qayğıdan çox razıyıq. İl ərzində bir neçə dəfə təşkil olunan belə aksiyalar imkan verir ki, biz Bakı şəhərinə, xaricə getmədən öz sağlamlığımızı qoruya bilək. Bunun üçün Ali Məclisin Sədri cənab Vasif Talıbova minnətdarlıq edir,  doğum günü münasibətilə ən xoş arzularımızı bildiririk.

Naxçıvan şəhər sakini Yazgül Quliyeva belində, onurğa sütununda ağrılarla nevropatoloq Aytən Məlikova tərəfindən müayinələrdən keçirilib, müvafiq tibbi təyinatlar alıb.

Bütövlükdə, aksiyanın ilk günü 352 müayinə və cərrahi əməliyyat aparılıb. Əməliyyat olunanlar həkim nəzarəti altındadır. Onlardan 2 nəfər tam yaxşılaşma ilə artıq evə buraxılıb.

Humanitar tibbi aksiya yanvarın 14-də də davam etdiriləcəkdir.  

                  

 Şəhid leytenant Yadulla Nəcəfovun atası və  anası

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidməti