Dövlət proqramı uğurla icra olunur

2021-10-15 / 11:35:13

Xalqın, dövlətin ən qiymətli sərvəti uşaqlardır. Uşaqlar xalqın gələcəyi, dövlətin möhkəmliyidir. Bu səbəbdən hər bir dövlət və cəmiyyət gələcəyi olan uşaqların qayğısına qalmağı, onların fiziki və mənəvi cəhətdən böyüməsini təmin etməyi özünün ən ümdə vəzifələrindən biri hesab edir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun dediyi kimi: “Əgər xalqımızın, dövlətimizin gələcəyini düşünürüksə, bu gələcəyin təminatçısı olan uşaq və gənclərin sağlam mühitdə yetişməsi qayğısına qalmalı, onların təlim-tərbiyəsi ilə ciddi məşğul olmalıyıq”. 

   

Hazırda əhalinin, xüsusən məktəbyaşlı uşaqların sağlamlığının qorunmasına, onların müayinə və müalicəsinə, dispanserizasiyasının təşkilinə xüsusi diqqət yetirilir. Çünki xəstəliklərin və əlillik hallarının əksəriyyətinin təməli uşaq yaşında qoyulduğundan xəstəliklərin vaxtında aşkar edilməsi məqsədilə icbari tibbi müayinələrin aparılmasının, aşkar edilmiş xəstə uşaqların dispanserizasiyaya cəlb edilməsinin və müalicə-sağlamlaşdırıcı tədbirlərin həyata keçirilməsinin müstəsna əhəmiyyəti vardır. Bu mənada, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 9 oktyabr tarixli Sərəncamı ilə təsdiq olunmuş  “Naxçıvan Muxtar Respublikasında uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Pro­qramı” uşaq əhalisinin sağlamlığının qorunmasında yeni mərhələ açıb. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi tərəfindən xüsusi tədbirlər planı hazır­lanaraq dövlət proqramının icrası uğurla davam         etdirilir.
      Sərəncamda da qeyd olunduğu kimi dövlət proqramının məqsədi uşaqlara göstərilən tibbi xidmətlərin keyfiyyətini yüksəltməklə onların arasında xəstələnmə, sağlamlıq imkanlarının məhdudluğunun və ölüm səviyyəsinin azaldılmasıdır. Bu məqsədlə hazırda muxtar respublikada mövcud tibb müəssisələri əhalinin digər təbəqələri kimi, uşaqların da sağlamlığı keşiyindədir.

Səhiyyə müəssisələri Dövlət Proqramının icrası istiqamətindəki fəaliyyətlərini cari ilin üçüncü  rübündə də davam etdirmiş, uşaqlara göstərilən tibbi xidmətlərin keyfiyyətini yüksəltməklə, onların arasında xəstələnmənin, sağlamlıq imkanlarının məhdudluğunun və ölüm səviyyəsinin azaldılmasında müsbət dinamikaya nail olmuşlar. Rüb ərzində 1095 uşağın elektron kartı sifariş verilmiş, 819 kart valideynlərə paylanılmış, doğulduqdan sonra uşaq haqqındakı bütün tibbi məlumatlar həmin elektron kartda qeyd olunmuş, ümumi reyestrə  işlənmişdir. Hazırda dispanserizasiya zamanı uşaqların qeydiyyatı registrinin aparılması işi davam etdirilir. Belə ki, dispanser qeydiyyatına daxil olan uşaqların bütün məlumatları elektron kartlara əlavə edilir, həmçinin hər bir uşağın dispanser qeydiyyatına alınma diaqnozu və aparılan müayinə və müalicələr də qeyd olunur.

Uşaqların payız mövsümündə icbari dispanserizasiyasının təmini məqsədilə oktyabr ayının üçüncü ongünlüyündən məktəb və bağçalarda uşaqların dərindən tibbi müayinəsinə başlanılacaqdır.   

Üç ay ərzində 14 sağlamlıq imkanı məhdud uşağa bərpa müalicəsinin təşkili üçün Naxçıvan Muxtar Respublika Uşaq Bərpa Mərkəzinə göndəriş verilmişdir. Həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 96 nəfər sağlamlıq imkanları məhdud uşaqların reabilitasıyası həyata keçirilmiş, 1 şagirdin Naftalan Sağlamlıq Mərkəzində müalicəsi təmin olunmuşdur.

Vətəndaşlara, həmçinin uşaqlara göstərilən tibbi xidmətin keyfiyyət standartlarının beynəlxalq tələblərə uyğunlaşdırılması üçün müasir tələblərə uyğun 56 sayda müxtəlif xəstəliklər üzrə  tibbi protokollar yenidən hazırlanmış, Səhiyyə Nazirliyinin Elmi Tibbi Şurası tərəfindən müzakirəsi aparılaraq qəbul edilmiş və çap olunması üçün mətbəəyə sifariş verilmişdir. Uşaqlar arasında  təcili-təxirəsalınmaz vəziyyətlərin yaranma səbəbləri və onların aradan qaldırılması yolları haqqında standart protokol da bu günlərdə nəşrə hazırlanır.

Hazırda Körpələr Evi və Ailələri Dəstək Mərkəzində 6 sağlamlıq imkanları məhdud olan uşağa xidmət göstərir. Həmçinin 3 nəfər xüsusi qulluğa ehtiyacı olan uşaq Bakı şəhərində Sosial Xidmət mərkəzinə yerləşdirilmişdir. Son üç ay ərzində Naxçıvan Regional İnformasiya Mərkəzində 22 nəfər sosial imkanları məhdud uşaqların reabilitasiyası aparılmış, bundan başqa reabilitasiya məqsədilə Defektoloji bölmənin Şərur rayon filialına 4, Ordubad rayon filialına 5 uşaq cəlb edilmişdir. 11 nəfər uşaq texniki reabilitasiya vasitəsi ilə təmin edilmiş, 12 nəfərə protez ortopedik xidmət göstərilmişdir.

Ümumtəhsil məktəblərində təşkil edilən müayinələr zamanı uşaqlara gigiyenik tələblərin izah olunması onların erkən yaşlardan düzgün vərdişlərə yiyələnməsinə və sağlam həyat tərzinə malik olmasına imkan yaradır. Rübb ərzində məktəbyaşlı uşaqlar arasında qurd invaziyasina görə vaxtaşırı müayinələr aparılmışdır. Həmçinin Naxçıvan Muxtar Respublikası ərazisində payız mövsümündə keçiriləcək dərindən tibbi müayinələr zamanı qurd invaziyasina görə seçmə üsulu ilə yenidən yoxlanılması nəzərdə tutulmuşdur.

Proqramın icrası istiqamətində aparılan müayinələr uşaqlarda erkən yaş dövrlərinə aid xəstəliklərin müəyyənləşdirilməsi və vaxtında müalicəsi, eləcə də yeniyetmələrin sağlam psixologiyaya malik bir fərd kimi yetişməsində xüsusi əhəmiyyət kəsb edir. Oktyabr ayında aparılacaq uşaqların dərindən tibbi müayinəsi zamanı psixo nevroloji müayinələrin də aparılması nəzərdə tutularaq simptomlar aşkar edilən uşaqların ixtisaslı müayinələrə yönləndirilməsi təşkil olunacaqdır.

Avqust ayında Şahbuz Rayon Mərkəzi Xəstəxanasında uşaqlara gəstərilən səhiyyə xidməti ilə əlaqədar Tibbi şurada geniş müzakirələr aparılmışdır.

Yetkinlər və uşaqlar arasında rast gəlinən xəstəliklərin müalicəsində beynəlxalq təcrübənin öyrənilməsini təmin etmək məqsədilə 1 həkim Türkiyə Respublikasına, 6 həkim Bakı şəhərinin tibb müəsssisələrinə, 4 həkim, Naxçıvan Muxtar Respublikasında yerləşən səhiyyə müəssisələrinə təcrübə kursuna göndərilmişdir.

Uşaqların  dispanserizasiyasını həyata keçirən və  onlara ilkin tibb xidmət göstərən tibb müəssisələrindəki tibb işçilərinin hazırlıq səviyyəsinin yüksəldilməsi üçün 106 tibb işçisi müxtəlif ixtisaslar üzrə Tibb Kollecinə təcrübə kurslarına göndərilmiş və onlara müasir təhsil proqramlarından istifadə olunaraq təcrübə dərsləri keçirilmişdir. Həmçinin 732 nəfər Naxçıvan Dövlət Universitetinin tələbəsi, 53 nəfər Tibb Kollecinin tələbəsi tibb müəssisələri tərəfindən hamiliyə götürülmüşdür.

Dövlət Proqramında nəzərdə tutulan maarifləndirmə tədbirlərinin mütərəqqi əhəmiyyəti vardır. Bu istiqamətdə görülən işlər uşaqların məktəbli yaşlarından müəyyən xəstəliklərin təhlükəliliyini şüurlu surətdə dərk etməsi, valideynlərin isə həmin xəstəliklərin erkən simptomları barədə biliklərə yiyələnməsi və müvafiq tibb müəssisələrinə vaxtında müraicət olunması baxımından həyati rol oynayır. Üçüncü rübdə 7 ümumtəhsil müəssisəsində müxtəlif xəstəliklərin risk amillərinə dair maarifləndirmə işi aparılmışdır.

Pediatriyanın aktual problemləri, hazırkı dövrdə uşaqlarda rast gəlinən xəstəliklər onların müasir müalicə metodları və profilaktikası ilə əlaqədar noyabr ayında seminar keçirilməsi, icbari dispanserizasiyanın uşaqların sağlamlığının qorunmasında rolunun əhəmiyyətini göstərmək üçün dərindən tibbi müayinələrin başlanılmasına qədər  yeni bukletlərin hazırlanması nəzərdə tutulmuşdur. Məktəblərdə aparılan dərindən tibb müayinələr zamanı dispanserizasiyası aparılan xəstəliklər və onların təhlükəliliyi haqda Naxçıvan şəhərinin həmçinin rayon tam orta məktəblərində şagirdlər arasında təkrar maarifləndirici söhbətlər aparılması planlaşdırılmışdır.                      

Uşaqların dispanserizasiyaya cəlb edilməsi məqsədilə əhali arasında xəstəliklərin risk amillərinə dair müvafiq mövzular üzrə uşaqlar arasında maarifləndirmə işinin  aparılması mütəmadi xarakter daşıyır. Dispanserizasiya məqsədi ilə müayinələr aparılan zaman uşaqlar və valideynlər arasında sağlam həyat tərzi, xəstəliklərin risk amilləri və  xəstəliklərin erkən simptomları üzrə “Uşaqların icbari dispanserizasiyası əhəmiyyətlidir” adı altında marifləndirmə materiallarının hazırlanaraq dərindən tibbi müayinələr zamanı uşaqlar və valideynlər arasında  paylanılması nəzərdə tutulmuşdur.   

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov Şərur Rayon Uşaq Xəstəxanasının açılışında dövlət proqramında qarşıya qoyulan vəzifələrin həyata keçirilməsini, eyni zamanda səhiyyə protokollarına əməl edilməsini hər bir səhiyyə müəssisəsi qarşısında duran əsas vəzifə kimi irəli sürüb. Bu vəzifələr uşaq əhalisinə tibbi yardım göstərən bütün səhiyyə müəssisələrinə aiddir. Həmin müəssisələrdə yaradılan şərait, quraşdırılan müasir avadanlıqlar və həkimlərin kurslara göndərilməsi qarşıya qoyulmuş vəzifələrin uğurla yerinə yetirilməsinə         imkan          verəcəkdir.
         Uşaqlara qayğı təkcə dövlətin üzərinə düşən vəzifə deyil. Hər bir şəxs uşaqların hərtərəfli böyüdülməsi üçün səy göstərməlidir. Çünki uşaqlar təkcə bir evin deyil, bütün el-obanın ən qiymətli, ən dəyərli sərvəti, hər bir xalqın gələcəyidir. Gələcəyi qorumaq isə təkcə qanunların deyil, hamımızın borcudur. Cəmiyyətin ən kövrək, həssas təbəqəsi olan uşaqlara hər bir vətəndaşın diqqəti, qayğısı və sevgisi lazımdır.

             Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidməti