“Şərq qapısı” təqdim edir: Əhalinin sağlamlığı diqqətdə saxlanılır

2021-09-15 / 10:48:23

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi əhalinin sağlamlığının qorunması və tibbi xidmətin səviyyəsinin yüksəldilməsi istiqamətində fəaliyyətini avqust ayında da davam etdirib, yoluxucu xəstəliklərin profilaktikası, ilkin səhiyyə xidmətinin yeni tələblərə uyğunlaşdırılması diqqətdə saxlanılıb.

Ötən ay Azərbaycan Respublikası Səhiyyə Nazirliyi İnnovasiya və Təchizat Mərkəzindən dializ edilən xroniki böyrək çatışmazlığı olan xəstələr üçün dializ materialları və dərman preparatları gətirilib. Tibb işçilərinin peşə bacarıqlarının yüksəldilməsi istiqamətində tədbirlər davam etdirilib. 3 həkim Bakı şəhərində kurs, 1 rezident və 4 orta tibb işçisi Naxçıvan şəhər tibb müəssisələrində iş yerində, Azərbaycan Tibb Universitetinin 2 tələbəsi isə tibb müəssisələrində təcrübə keçməsi üçün göndərilib. Naxçıvan Tibb Kollecinin 34 tələbəsi tibb müəssisələrinə hamiliyə verilib və 45 orta tibb işçisi Tibb Kollecində nəzəri və praktik kurs keçib. Həkim və tibb işçiləri rayon mərkəzlərinin, qəsəbə və kəndlərin, eləcə də ucqar sərhəd və dağ yaşayış məntəqələrinin səhiyyə müəssisələrində yaradılan imkanlar hesabına əhalinin tibbi müayinəsini uğurla davam etdiriblər. Naxçıvan Diaqnostika Müalicə Mərkəzinin həkim briqadası Şahbuz Rayon Mərkəzi Xəstəxanasında 189, Naxçıvan Muxtar Respublika Xəstəxanasının həkim briqadası isə Şərur Rayon Mərkəzi Xəstəxanasında 259 nəfəri hərtərəfli tibbi müayinədən keçirib. Şərur rayonunda 8 cərrahi əməliyyat aparılıb. Respublika Xəstəxanasının göz həkimləri Kəngərli, Babək, Sədərək, Şahbuz və Ordubad rayonlarında şəkərli diabet xəstəliyindən əziyyətçəkən 128 xəstənin göz dibinin müayinəsini aparıblar. Aşura günü ənənəvi keçirilən qanvermə aksiyasında Naxçıvan Muxtar Respublika Xəstəxanası, Diaqnostika Müalicə Mərkəzi və rayon mərkəzi xəstəxanalarında, bütövlükdə, 504 nəfərdən 255,1 litr qan tədarük edilib. Respublika Xəstəxanasında Bakı şəhərindən dəvət olunmuş LOR həkimi tərəfindən 8 nəfərdə müayinə və 7 nəfərdə cərrahi müdaxilə aparılıb. Ordubad Rayon Mərkəzi Xəstəxanasının həkim briqadası tərəfindən Nüsnüs kənd ərazisində yerləşən Bət dibi, Söyüdlük, Diyax, Xoşlu və Baş yurd obalarında, Culfa Rayon Mərkəzi Xəstəxanasının həkim briqadası tərəfindən Dəmirli yaylağında, Şərur Rayon Mərkəzi Xəstəxanasının həkim briqadası tərəfindən Qanlıgöl obasında, Şahbuz Rayon Mərkəzi Xəstəxanasının həkim briqadası tərəfindən Qanlıgöl, Batabat obasında, Kəngərli Rayon Mərkəzi Xəstəxanasının həkim briqadası tərəfindən Sirab yaylağında, Babək Rayon Mərkəzi Xəstəxanasının həkim briqadası tərəfindən isə Batabat obasında olan heyvandarların kütləvi tibbi müayinəsi aparılıb. Cari ilin avqust ayında Bakı şəhərindən 68 sağlamlıq imkanları məhdud şəxs sanator-kurort müalicəsi üçün qəbul edilib. Onlardan 27-si Darıdağ Arsenli Su Müalicəxanasına, 23-ü Duzdağ Fizioterapiya Mərkəzinə, 18-i isə Diaqnostika Müalicə Mərkəzinə göndərilib. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi ötən ay 3 nəfəri Mərdəkan qəsəbəsində yerləşən Müharibə və Əmək Veteranları Pansionatına, 2 nəfəri Naxçıvan Əlillərin Bərpa Mərkəzinə göndərib.

     Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidməti