Naxçıvan Tibb Kollecində elmi-praktik konfrans

2021-05-08 / 16:45:18

8 May Beynəlxalq Talassemiya Günü  ilə əlaqədar          Naxçıvan Tibb Kollecində  “Talassemiya xəstəliyi. İrsi qan xəstəliklərinin meydana çıxmasında qohum nikahların rolu” mövzusunda elmi-praktik konfrans keçirilib.

      Tədbiri giriş sözü ilə açan kollecin direktoru Sona Məmmədova  bildirib ki, talassemiya nəsildən-nəsilə keçən çox ağır irsi qan xəstəliyidir. Talassemiya xəstəliyinə düçar olan xəstələrə dövlət səviyyəsində qayğı göstərilir. "Hemofiliya və talassemiya irsi qan xəstəliklərinə düçar olmuş şəxslərə dövlət qayğısı haqqında" qanun qəbul edilmiş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 18 yanvar tarixli müvafiq Qərarı ilə "Hemofiliya və talassemiya irsi qan xəstəlikləri üzrə Dövlət Proqramı" təsdiq olunmuşdur. Bu proqrama əsasən ilk növbədə hemofiliya və talassemiya xəstələrinin həyat tərzinin yaxşılaşdırılması və ömürlərinin uzadılması, onlara göstərilən tibbi yardımın daha da təkmilləşdirilməsi qarşıya məqsəd qoyulub. Eləcə də proqramda hemofiliya və talassemiyanın fəsadlarından əmələ gələn əlilliyin və ölüm hallarının azaldılması, bu fəsadların profilaktikasının təşkili və xəstə uşaqların doğulmasının qarşısının alınması sisteminin yaradılması yer alıb.

 

Həmçinin qeyd olunub ki, Naxçıvan Muxtar Respublikasında talassemiyalı xəstələrin müayinə və müalicəsi üçün hər bir şərait yaradılmışdır. Naxçıvan Muxtar Respublika Xəstəxanasının Hematologiya şöbəsində talassemiyadan əziyyət çəkən xəstələrin müalicəsi üçün lazımi işlər görülüb, avadanlıqlar alınıb. Talassemiyalı xəstələrin müalicəsi gündüz stasionarı şəraitində həyata keçirilir. Xəstələrin digər müalicəsi evdə, həkimlərin təyinatı üzrə aparılır. Xəstəxananın tərkibində Qan Bankı xəstələr üçün donor qanının tədarükü ilə məşğuldur.

         Sonra kollecin tələbələri  Zeynəb  Rzayeva “Qan haqqında məlumat”,  Könül  Tağıyeva   “Talassemiya nədir”,  Səma Xəlilzadə və Raifə Rüstəmova  “Kiçik betta talassemiya”, Aytac Rzayeva “ Talassemiyanın irsi xüsusiyyətləri haqqında”  mövzuları üzrə slaydlarla çıxış ediblər.

                                                                                        

 

Hüseyn Əsgərov