Naxçıvan Diaqnostika Müalicə Mərkəzində ilklərə imza atılır

2021-05-04 / 11:21:17

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə yüksəkixtisaslı həkimlərin dəvət olunaraq muxtar respublikamıza gətirilməsi və aztəminatlı ailələrdən olan xəstələrin başqa ünvanlara üz tutmadan müayinəsinin və cərrahiyyə əməliyyatlarının təşkili həyata keçirilir.

           
          Yaranmış ənənə cari ildə də davam etdirilir. Hazırda muxtar respublikada fəaliyyət göstərən yüksəkixtisaslı kardiovaskulyar cərrah Firdovsi Hüseynov, anestezioloq-reanimatoloq Niyaməddin Seyidov və neyrocərrah Vüqar Verdiyevin Naxçıvan Diaqnostika Müalicə Mərkəzi ilə qarşılıqlı əməkdaşlığı təkcə aprel ayında bu mərkəzin həkim və orta tibb heyəti  ilə Naxçıvan səhiyyəsində bir neçə ilkə imza atılması ilə nəticələnib. Əvvəllər belə mürəkkəb cərrahi əməliyyatlar üçün başqa ünvanlara üz tutan xəstələr doğma Naxçıvanda şəfa tapıblar.

Belə xəstələrin arasında səkkiz yaşlı Songül də var. Ötən aprel ayında yaranmış təcili təxirəsalınmaz vəziyyətdə Songül təmənnasız, heç bir ödəniş tələb həyata qaytarılıb.

Songül Nağızadə  Babək rayon Nehrəm sakinidir. Atası Məzahir ürəkqüsurlu övladını Diaqnostika Müalicə Mərkəzinə gətirəndə  nəfəsalma anba an ağırlaşırdı. Bir qədər də keçsəydi… Bunu ilk növbədə onun valideynləri yaxşı anlayırdı.

Xəstə müəssisənin kardiocərrahiyyə şöbəsinə yerləşdirilib. Müayinələr ürəyin ciddi şəkildə genişləndiyini və ürək çatışmazlığı əlamətləri olduğunu aşkara çıxarıb. ExoKQ və ürək boşluqlarının kateterizasiyası müayinəsinin nəticəsinə görə xəstəyə qulaqcıqlar arası çəpər defekti diaqnozu qoyulub, yüksəkixtisaslı kardiovaskulyar cərrah Firdovsi Hüseynov və kardiocərrahiyyə tibb heyəti tərəfindən açıq ürək əməliyyatına baş vurulub. Xəstənin əməliyyatı uğurla başa çatdırılıb və müvafiq tövsiyyələrlə ambulator medikamentoz müalicə fonunda  aprelin 21-də  yaxşılaşma  ilə təxliyyə olunub.

…Balaca Songül və onun  valideynləri mərkəzdən ayrılarkən gözləri sevincdən yaşarmışdı. Firdovsi həkim və əməliyyat heyəti onların sevincinə heç bir təmənna güdmədən, heç bir ödəniş tələb etmədən nail olduqları üçün özləri də xoşbəxt, qürurlu idilər, ağ xalatları ilə fəxr edirdilər.                                         

Qeyd edək ki, son illər Naxçıvan Diaqnostika-Müalicə Mərkəzinin maddi-texniki bazasının möhkəmləndirilməsi digər sahələr kimi cərrahiyyənin də inkişafında yeni mərhələ açıb. Əməliyyat bloklarında ən müasir tibbi avadanlıq, aparat və cihazların alınıb qurulması ümumi cərrahi, ginekoloji, uroloji, travmatoloji, ortopedik, oftalmoloji, neyrocərrahi, plastik cərrahi və burun-qulaq-boğaz əməliyyatlarının kəmiyyət və keyfiyyət göstəricilərinə öz müsbət təsirini göstərir. Naxçıvanda ilk dəfə böyrək köçürülməsi, qastrektomiya    əməliyyatının aparılması,  yemək         borusunun stendləşdirilməsi və plastikası, süni oynaq köçürülməsi, kardiostimulyatorların qoyulması, diafraqmal yırtıqların bərpasının uğurla həyata keçirilməsi yerli kadrların hazırlığını yüksəldilməsi ilə yanaşı, həm də müasir tibbi avadanlıqların tətbiqi ilə   bağlıdır.

Yaradılmış şərait burada ən mürəkkəb cərrahi əməliyyatlar aparmağa imkan verir. Belə ki, kardiovaskulyar cərrah Firdovsi Hüseynov hazırda Naxçıvan Diaqnostika-Müalicə MərkəziPHŞ-də uğurlu kardioloji əməliyyatların icrasını davam etdirir.

Bir neçə gün əvvəl mərkəzdə Firdovsi Hüseynov və komandası 24 saat ərzində fasilə vermədən iki əməliyyatı uğurla icra edərək yüz faizli sağalmaya nail olub.

1956-cı il təvəllüdlü Əşrəf Əsgərov Ordubad rayon Nüsnüs kəndindən mərkəzin kardiocərrahiyyə şöbəsinə yerləşdirildikdə yüngül fiziki hərəkət zamanı döş sümüyü arxasında sıxılma, göynəmə, yanma hissi, sol qola və çiyinə ötürülən ağrılar və ürək döyüntülərindən əziyyət çəkirdi. Son günlərdə isə ağrıları artdığından koronar angioqrafiya müayinəsi almışdı. Mərkəzdə aparılan müvafiq müayinələr nəticəsində onda həmçinin hipertoniya, şəkərli diabet və onun ağırlaşmaları-retinopatiya və nefropatiya müşahidə edilib. Bütün müayinələrə əsasən xəstəyə ürəyin işemik xəstəliyi, gərginlik stenokardiyası diaqnozu qoyulub və 3 damarında aorta koronar şuntlama əməliyyatı aparılıb. Ə.Əsgərov  aprelin 17-də  yaxşılaşma ilə evə yazılıb.

1955-ci il təvəllüdlü Yaqub Qədimov isə Sədərək rayon Qaraağac kəndindən mərkəzə üz tutub. O da əvvəllər eyni şikayətlərlə həkimə müraciət edib və koronar angioqrafiya müayinəsi alıb. Mərkəzdə aparılan müayinənin nəticəsində kritik damar darlıqlarına görə xəstəyə ürəyin işemik xəstəliyi, gərginlik stenokardiyası, aorta və tac arteriyaların aterosklerozu diaqnozu qoyulub, təcili açıq ürək əməliyyatı məsləhət görülüb və 4 damarda aorta koronar şuntlama əməliyyatı icra olunub. Əməliyyat sonrası vəziyyəti stabil olan xəstə  aprelin 16-da  yaxşılaşma  ilə təxliyyə edilib.

Mərkəzin baş həkimi Nihad Seyidov bildirir ki, burada aparılan əməliyyatlarda komandanın diqqət və həssaslığı müvəffəqiyyətimiz üçün ən vacib amillərdəndir. Son iki kardiocərrahi əməliyyatlarda iştirak edən kardioreanimasiya və kardiocərrahiyyə tibb heyətində təcrübəli, peşəkar həkim və orta tibb işçiləri təmsil olunublar. Onlardan  Fərəcova Vüsalə, Gülnar Məmmədova, Mahir Əhmədov, İsmayıl Quliyev, Nail Mehbalıyev, Elçin Abdullayev, Firdovsi Hüseynov, Anar Əliyev tərəfindən artıq dəfələrlə belə əməliyyatlarda uğur qazanıblar. Sağlamlığını Naxçıvan Diaqnostika-Müalicə MərkəziPublik Hüquqi Şəxsinə əmanət edən insanlarımıza sevgi və sağlamlıq dolu günlər arzu edirik .

Daha bir yüksəkixtisaslı həkim, neyrocərrah Vüqar Verdiyev də  “Naxçıvan Diaqnostika Müalicə Mərkəzi” PHŞ Naxçıvanda ilklərə imza atmağa davam edir. Aprelin 23-də hərəkət məhdudluğundan şikayətlənmə ilə mərkəzə gətirilən Naxçıvan şəhər Qaraçuq kənd sakini,1960-cı il təvəllüdlü Heydər Yusifov mərkəzdə klinik, anamnestik, instrumental və laborator müayinələrdən keçirilib və xəstədə fəqərə cisminin kompression sınığı olduğu aşkarlanıb. neyrocərrah Vüqar Verdiyev və mərkəzin tibb heyyəti tərəindən bilateral transpedikulyar fiksasiya, total laminektomiya ilə dekompressiya əməliyyatı aparılıb. Əməliyyatdan sonrakı dövr ağırlaşmasız keçib və yara birincili sağalıb. Xəstə aprelin 27-də sonrakı müayinə və müalicə üçün evə yazılıb. Bu, “Naxçıvan Diaqnostika Müalicə Mərkəzi” PHŞ tərəfindən ilklərə atılan növbəti imzalardan biridir.

Şərur rayon Düdəngə kənd sakini 1965-ci il təvəllüdlü Yeganə Məmmədova başqa bir tibb müəssisəsindən təcili tibbi yardım avtomobili vasitəsi ilə mərkəzə ağır komatoz vəziyyətdə  köçürülüb. Aparılan müayinələr nəticəsində  onda tənəffüs pozğunluğu və digər ciddi fəsadlar   məlum olub. Xəstə yaxınlarının tələbi ilə yüksək ixtisaslı anestezioloq-reanimatoloq Niyaməddin Seyidov kənardan dəvət olunaraq mərkəzin tibb heyyəti ilə birgə dərhal xəstəyə müdaxiləyə başlayıb. Xəstəyə iki axınlı hemodializ kateteri qoyulub və dərhal hemodializ seansına başlanılıb. Növbəti mərhələdə xəstə Reanimasiya şöbəsinə qaldırılaraq Azərbaycan Respublikasının əməkdar həkimi Ənvər Şıxəliyevin nəzarəti altında iki gün saxlanılaraq müvafiq reanimasion tədbirlər həyata keçirilib. Bu tədbirlərlə birgə xəstə hemodializ seansı qəbul edib. 2 gün sonra aparılan müayinələrdə xəstənin tənəffüs hərəkətlərinin sayı normallaşıb, kreatinin dəyəri stabilləşib. Müəssisənin yüksəkixtisaslı iş rejimi və çoxşaxəli tibbi heyyətin komanda şəklində çalışması nəticəsində Yeganə Məmmədova çox qısa bir müddətdə yaxşılaşma fonunda evə yazılıb. Hazırda xəstə Şərur Rayon Mərkəzi Xəstəxanasında proqramlı hemodializ seansları qəbul edir.

Yeganə Məmmədova onu həyata qaytaran həkimlərin fədakar əməyinə görə minnədarlığını bildirib. Naxçıvan səhiyyəsində görülən işləri bütövlükdə  dövlətimizin öz əhalisinin sağlamlığına göstərdiyi qayğının parlaq ifadəsi kimi dəyərləndirib.

Əlbəttə, muxtar respublikamızın səhiyyə müəssisələrində aparılan genişmiqyaslı quruculuq işləri, yeni xəstəxanaların tiki­lərək, yenidən qurularaq istifadəyə verilməsi, onların ən müasir avadanlıqlarla təchiz edilməsi kardiocərrahiyyə sahəsində ix­tisaslı gənc kadrların da yetişməsinə stimul olmuşdur. Səhiyyə sahə­sində kadr təminatının təkmilləşdirilməsi ən vacib məsələ kimi diqqət mərkəzində saxlanılır, tibb mütəxəs­sislərinin bilik və bacarıqlarının daim yüksəldilməsi üçün müvafiq mexa­nizm­lər yaradılır, o cümlədən xarici ölkələrdə təlimlər təşkil edilir. Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin sertifikasiyasının aparılması, səhiyyə işçilərinin müasir elmi biliklərinin artırılması üçün müxtəlif­profilli elmi-praktik semi­nar və konfransların təşkili diqqət mərkəzində saxlanılır.                        

 Nəticədə, yerli həkimlər tərəfindən müstəqil şəkildə TUR, açıq ürək, ürək damarlarına stent qoyulması, laporas­kopik, LOR, göz və digər mürəkkəb cərrahiyyə əməliyyatları­nın apa­rılmasına nail olunub. Artıq mürəkkəb cərrahi, o cüm­lədən açıq ürək əməliyyatlarının da Naxçıvanda həyata keçi­rilməsi əhalinin müayinə və müalicə üçün başqa ölkələrə üz tutmasının qarşısını alıb. Aztəminatlı ailələrdən olan xəstələrin muxtar res­publikadan kənara getmədən mürəkkəb cərrahi əməliyyatları­nın təşkili, heç şübhəsiz, onlara həm maddi, həm də mənəvi dəstək­dir. Pandemiya dövründə xüsusi karantin rejiminə əməl edilməklə aztəminatlı ailələrdən olan xəstə­lərə yönəl­dilmiş xüsusi sağlamlıq layihələri icrası uğurla davam etdirilir. Bütün bunlar əhali­nin sağlamlı­ğı­nın qo­run­masına göstərilən dövlət qayğısının par­laq təza­hürü, Naxçı­van səhiyyəsinin uğurlarıdır.

         

 Hüseyn Əsgərov