Tibb Kollecinin tələbələri NDU-da olub

2021-05-04 / 10:06:33

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, universitetinin Tibb fakültəsində kadr hazırlığının vəziyyəti və maddi-texniki baza ilə tanışlıqdan sonra fakültədə “Naxçıvan Muxtar Respublikasında Tibbi kadr hazırlığında Tibb fakültəsinin və Tibb Kollecinin rolu” mövzusunda tədbir keçirilib.

Universitetin rektoru Elbrus İsayev ixtisaslı kadrların hazırlanması üçün ilk dəfə keçirilən görüşün əhəmiyyətindən danışıb. Bildirib ki, görüşün əsas məqsədi orta ixtisas təhsilini bitirən tələbələrə gələcəkdə ali təhsil seçimi zamanı kömək etmək, tələbələrdə ali təhsil ocağı haqqında geniş təsəvvür yaratmaqdır.

“20 il əvvəl əsası qoyulan fakültənin fəaliyyətinin hal-hazırda günün tələbləri səviyyəsində qurulması məsuliyyətimizi daha da artırır”-deyən rektor qeyd edib ki, tələbələr muxtar respublikada fəaliyyət göstərən xəstəxanalarda təcrübə keçməklə ixtisaslı tibbi kadr kimi formalaşırlar.

Naxçıvanda səhiyyənin inkişafından danışan Səhiyyə naziri Niyazi Novruzov bildirilib ki, bu gün səhiyyə sahəsinə göstərilən yüksək qayğı nəticəsində muxtar respublikanın şəhər, rayon və kəndlərində ən müasir standartlara cavab verən xəstəxana, həkim-ambulatoriyası, feldşer-mama məntəqələri əhaliyə keyfiyyətli tibbi xidməti təmin edir. Bütün bunlarla yanaşı kadr hazırlığı daim diqqətdə saxlandığını deyən nazir vurğulayıb ki, bu istiqamətdə aparılan ardıcıl işlər nəticəsində təhsil ocaqları və səhiyyə müəssisələrinin əməkdaşlığı yüksək səviyyədə qurulub.

Tibb kollecinin direktoru Sona Məmmədova, Tibb fakültəsinin dekanı, biologiya üzrə fəlsəfə doktoru Elsevər Əsədov muxtar respublikada tibbi kadrların hazırlığından danışıblar.

Qeyd olunub ki, NDU 2021-2022-ci tədris ili üzrə ilk dəfə olaraq “Hərbi tibb” ixtisası üzrə kadr hazırlığını həyata keçirəcək və universitet gələcəkdə hərbi tibb işçilərinin yetişməsinə öz töhfəsini verəcək.

Tədbirin sonunda fakültə haqqında videoçarxa baxış olub.