Bir cəbhədə savaşarkən digərini yaddan çıxarmamalıyıq

2020-10-21 / 12:57:29

 

“Artıq bir neçə müddətdir ki, şanlı ordumuzun savaş bölgələrində əldə etdiyi qələbələr hər birimizi qürurlandırır. Torpaqlarımızın qarış-qarış alınması xəbərləri  hər birimizə bayram sevinci yaşadır. Ali Baş Komandanımızla, müzəffər ordumuzla, xalqımızla fəxr edirik. Lakin bu sevincli günlər bizə "gözəgörünməz" düşməni - koronavirus infeksiyasını unutdurmamalıdır.”

Bunu Naxçıvan Muxtar Respublikası Ağciyər Xəstəliklər Dispanserinin baş həkimi İlqar Rzayev deyib.

Onun sözlərinə görə, yaradılmış şəraitin və görülən qabaqlayıcı tədbirlərin nəticəsidir ki, dünyanın  inkşaf etmiş ölkələrindən fərqli olaraq koronavirus infeksiyası muxtar respublikamızda lokallaşdırılaraq yayılmasının qarşısı alınıb.

Bu virusun dezinfeksiyaedicilərə qarşı çox həssas olması nəzərə alınaraq sentyabr ayına kimi muxtar respublikada 2.666.471 kvadratmetr sahədə dezinfeksiya 138.451 kvadrat metr sahədə  dezinseksiya işlərihəyata keçirilib. Nəticədə xəstəlikdən yaranan ağırlaşma və ölüm göstəriciləri də inkşaf etmiş ölkələrlə müqayisədə belə qənaətbəxşdir.

Baş həkim deyib ki, yoluxma saylarındakı stabillik bizi arxayınlaşdırmamalıdır. Hazırkı dövr çox həssas bir dönəmdir. Bu, o deməkdir ki, hər zaman ehtiyatlı olmalıyıq. Əgər ön cəbhədəki əsgərlərə kömək etmək, arxa cəbhədə dayaq olmağa çalışırıqsa, öz sağlamlığımızı da düşünməliyik. Unutmayaq ki, koronavirus da bir düşməndir, hətta gözə görünməyən bir düşməndir. Biz bir düşmənı qarşı savaşarkən digərini yaddan çıxarmamalıyıq. Əksinə, bu, bizə baha başa gələ bilər. Qonşu ölkələrdə yoluxma saylarının artması buna əyani sübutdur. Biz xalqımızın sağlamlığını qorumaq və ordumuza dəstək olmaq, yeni-yeni qələbələrə şahid olmaq istəyiriksə, qaydalara ciddi əməl etməliyik. Əgər biz sağlam olarsaq, onlar sağlam düşüncə və iradə ilə irəli atılacaqlar".

         Baş həkim məlumat verdi ki,    COVİD-19 müayinələri müsbət çıxan orta ağır və ağır xəstələrin stasionar müalicəsi  Naxçıvan Muxtar Respublikası Yolxucu Xəstəliklər Mərkəzində, mənfi olan xəstələrin müalicəsi isə  Naxçıvan Respublika Xəstəxanasında və  Naxçıvan  Muxtar Respublikası  Ağciyər Xəstəlikləri Dispanserində həyata keçirilir. Burada

 COVİD-19 xəstələrinin stasionar müalicəsi üçün lazımi şərait var. 2020-ci ilin mart ayında Naxçıvan Muxtar Respublikası Ağciyər Xəstəlikləri Dispanserində COVİD-19 xəstələrinin müayinəsi üçün xüsusi laboratoriya yaradılaraq  Polimer Zəncirvari Reaksiya (PZR) aparatı quraşdırıb. Xəstələrin, həmçinin xəstəliyə şübhəli vətəndaşların və onlarla təmasda olanların COVİD-19-a görə müayinəsi üçün xeyli miqdarda yüksək keyfiyyətli reaktivlər gətirilib. Yeni qurulmuş laboratoriya  1 ədəd PZR cihazı, 4 ədədə bioloji təhlükəsizlik kabinəsi, 1 ədəd sentrafuqa, 1 termostat, 3 ədəd vorteks cihazı və  lazım olan digər avadanlıqlarla təchiz olunub. Laboratoriyaya ezam olunan 7 həkim və  laborantlar müayinə işini  mükəmməl  mənimsəmək üçün təlimlər keçib. Hazırda laboratoriyada  bir dəfəyə 222 nümunədə müayinə aparmaq  üçün təchizat və işçi qüvvəsi mövcuddur. Nümunələr toplandıqdan sonra cavablar təqribən 5 saat müddətində hazır olur. Həm kabinələrin içində, həm də ekstraksiya otağında ultra bənövşəyi şua lampaları yerləşdirilib ki, proses bitdikdən sonra avadanlıqlar 70 faizli spirt məhlulu ilə silindikdən sonra ultra bənövşəyi şualarla dezinfeksiya olunur. Həmçinin laboratoriyada  otaqlar 5 faizli, kabinələr isə 0,5 faizli xloraminlə  müntəzəm dezinfeksiya edilir.   

       Laboratoriyada  COVİD-19-a şübhəli bilinən  bütün xəstələrin, karantində və xəstələrlə təmasda olanların, təyyarə reysli sərnişinlərin, hərbi qospital xəstələrinin  müayinəsi həyata keçirilir. 2020-ci ilin oktyabr ayına qədər  30 mindən  çox  müayinə aparılıb. Şübhəli nəticə alınan hallarda  müayinələr təkrar  edilir.

         Mart ayında Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Tibbi yardımın təşkili  şöbəsi və Elmi Tibbi Şurası tərəfindən inkşaf etmiş ölkələrin təcürübəsi əsas götürülərək COVİD-19  xəstələrin müayinə, müalicəsi və profilaktikasına  dair protokol hazırlanıb və  tibb müəsisələrinə paylanılıb. Bu protokola əsaslanaraq çox sayda xəstələrin müalicəsi təmin olunub.

Naxçıvan Muxtar Respublikası Ali Məclis Sədrinin Sərəncamına əsasən koronavirus infeksiyasına qarşı aparılan profilaktik tədbirlərdə, o cümlədən COVİD-19 xəstələrinin   müayinə və müalicələrində iştirak edən tibb işçiləri aylıq vəzifə maaşının bir neçə   misli məbləğində mükafatlandırılıblar.

         Qeyd olunduğu kimi, payız mövsümündə koronavirus infeksiyasının onun növbəti dalğası gözləniləndir və bu dalğadan kimsə sığortalanmayıb. Hələ bu bəlaya qarşı vaksinlərin də əlçatanlığı üçün  müəyyən zamana ehtiyac var. Odur ki, bu məsələ dispanserin fəaliyyətində üstün istiqamətlərdən birini təşkil edir. COVİD-19 infekiyasının klinik əlamətləri və erkən diaqnostikası ilə bağlı sahə həkimləri və tibb bacılarının marifləndirilməsi tədbirləri artırılır, klinik əlamətlər qeydə alındıqda, eləcə də bütün  şübhəli hallarda xəstələrin Ağciyər Xəstəlikləri Dispanserində  laborator və digər müayinələrdən   keçirilməsi  təmin olunur.

Sonda baş həkim bir daha vurğuladı ki, koronavirusun dünyada geniş vüsət aldığı, respirator xəstəliklərin baş qaldırdığı dövrdə olduğumuzu nəzərə alsaq, daha da diqqətli olmağımız vacibdir. Çünki özümüzü qorumasaq, müharibənin davam etdiyi dönəmdə əlavə problemlər yarana, hər hansı bir məsuliyyətsiz davranış ağır nəticələrə səbəb ola bilər. Ona görə də bütün vətəndaşlara fərdi mühafizə vasitələrindən istifadəyə, sosial məsafə prinsiplərini gözləməyə, şəxsi gigiyenaya diqqət yetirmələrini və daha da məsuliyyətli davranmalarını tövsiyə edirəm.

Hər kəsi özünü və ön cəbhədə vuruşan qəhrəman oğulları düşünərək qorunma tədbirlərinə xüsusi diqqət yetirməyə çağırıram.

                                                                                    

                                                                                      Hüseyn Əsgərov