Əqil Mehdiyevin 100 illik yubileyi münasibəti ilə konfrans keçirilib

2020-10-16 / 11:52:45

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “Əqil Mehdiyev: tanınmış həkim və ictimai xadim” adı altında təşkil olunan konfrans AMEA Naxçıvan Bölməsində baş tutub.

“Bu il tanınmış həkim və ictimai xadim Əqil Mehdiyevin anadan olmasından 100 il ötür. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 2020-ci il sentyabrın 17-də Əqil Mehdiyevin 100 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalayıb”,-deyən Bölmənin sədri, akademik İsmayıl Hacıyev təşkil olunan konfransın həmin tədbirlər planına uyğun olaraq keçirildiyini diqqətə çatdırıb.

Naxçıvan Muxtar Respublikası Səhiyyə nazirinin müavini Samrat Gəncəyeva qeyd edib ki, pedaqoji fəaliyyətlə də məşğul olan Əqil Mehdiyev ömrünün 50 ildən çoxunu muxtar respublika səhiyyəsinin inkişafına həsr edib. O, müxtəlif illərdə Babək rayonunun Qahab kənd ambulatoriyasında və Nehrəm kənd xəstəxanasında baş həkim işləyib. Daha sonra indiki Naxçıvan Muxtar Respublika xəstəxanasına baş həkim təyin olunub və ümumilikdə 13 il burada çalışıb. O, Naxçıvanda ilk dəfə Naftalan nefti ilə fizioterapevtik müalicə şöbəsi yaradıb. Milli səhiyyəmizin inkişafındakı xidmətləri nəzərə alınan tanınmış həkim 1995-ci ildə Naxçıvan Muxtar Respublikasının Səhiyyə naziri vəzifəsinə təyin olunub və 2004-cü ilədək həmin vəzifədə çalışıb. Onun nazir işlədiyi bu illərdə səhiyyə sistemində ciddi dönüş yaranıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, Ağsaqqallar Şurasının sədri, Azərbaycan Respublikası Ağsaqqallar Şurası sədrinin müavini vəzifələrində də faəliyyət göstərən Əqil Mehdiyevin əməyi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən hər zaman yüksək qiymətləndirilib. Dahi şəxsiyyətin müxtəlif tarixlərdə imzaladığı fərmanlara əsasən, ona “Şöhrət” və “İstiqlal” ordenləri verilib.

Konfransda, həmçinin vurğulanıb ki, Tibb kadrlarının yetişməsində əməyi olan böyük səhiyyə təşkilatçısı, el ağsaqqalı Əqil Mehdiyevin həyatı gənc həkimlər üçün də örnəkdir.