Peyvənd tibb bacılarının sertifikasiya imtahanı keçirilib

26.09.2019 / 15:03:07

 Muxtar respublikamızda praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan səhiyyə mütəxəssislərinin sertifikasiya prosesi davam etdirilir.

 Sertifikasiya imtahanlarının növbəti mərhələsində peyvənd tibb bacıları dörd gün ərzində öz bilik və bacarıqlarını  sınayıblar.
 Muxtar respublikanın səhiyyə sistemində sertifikasiya imtahanları kompüterə verilmiş proqrama uyğun aparılıb. Bu məqsədlə Naxçıvan Muxtar Respublika Xəstəxanasının elektron zalından istifadə edilib.

  Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində test imtahanı üçün əvvəlcədən 1001,müsahibə mərhələsi üzrə isə 274 sual tərtib edilərək kompüterə yerləşdirilib. Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının Naxçıvan Muxtar Respublikası Regional Bölməsi nümayəndəsinin iştirakı ilə test bankından hər variant üzrə 60, müsahibə üçün isə 5 sual seçilərək imtahanda iştirak edən orta tibb işçilərinə paylanılıb. Cavablandırma qaydaları izah edilib. Məxfiliyin gözlənilməsi məqsədilə sual kartlarında imtahan verənin adı, soyadı yox, kod nömrəsi əksini tapıb. Üç saat davam edən imtahanın gedişinə imtahan-nəzarət komissiyası tərəfindən nəzarət olunub. İmtahan suallarının test hissəsi üzrə cavab kartlarının yoxlanması kompüterlə, klinik hissəsi üzrə cavabların qiymətləndirilməsi isə mütəxəssislərin         iştirakı        ilə      aparılıb. Bu, imtahanların aşkarlıq və şəffaflıq şəraitində keçirilməsini təmin edib.
  İmtahanda  106  orta tibb işçisinin iştirakı nəzərdə tutulub. Onlardan 101 nəfəri imtahanda iştirak edib. İmtahan suallarının test hissəsi üzrə 40 və ya daha çox, klinik tapşırıq hissəsi üzrə isə 16 və ya daha çox bal toplamış 90 orta tibb işçisi sertifikasiyadan keçərək 5 il müddətində müvafiq ixtisas üzrə praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququ əldə edib. 11 nəfər isə zəruri həddi keçə bilməyib. Sertifikatlaşdırma imtahanlarında uğurlu nəticə əldə edə bilməyən peyvənd tibb bacıları ixtisaslarına uyğun hazırlıq kurslarına cəlb olunacaqlar. Onlar altı ay müddətində iş yerləri saxlanılmaqla müvafiq peşə hazırlığı keçəcək, sonra yenidən sertifikatlaşdırma imtahanlarında iştirak edəcəklər.

 Xatırladırıq ki, sertifikatlaşdırma imtahanları hər beş ildən bir keçirilir. Məqsəd əhaliyə keyfiyyətli səhiyyə xidmətinin göstərilməsi, praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin peşəkarlıq səviyyəsinin və peşə yararlığının artırılmasından ibarətdir.

 

           Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidməti