Tanrının duz neməti və Vətənimin Duzdağ möcüzəsi

Duz, əslində, yazılışı da, səslənişi də sadə bir ifadədir. Di gəl ki, bu adın ağırlığı (hələ çəkisinin ağırlığını demirəm) neçə minilliklərdir, müzakirə mövzusudur. İstər folklorda, ədəbiyyatda, tarixdə, dində, istərsə də mifik təfəkkürdə duz mövzusuna rast gəlinir. Duzun işlənmə dairəsi məişət, texnika, maldarlıq, tibb, kimya sənayesi, kulinariya, kosmetika və digər sahələri əhatə edir.

“İnək duza aldanar, insan sözə”, “Dostsuz başım, duzsuz aşım” kimi atalar sözləri, “Ömrün duz dağına dönsün!” kimi alqışlar, “Duz-çörəyim haqqı” kimi andlar duz ifadəsinin qədimdən bəri ulularımız tərəfindən geniş şəkildə istifadə olunduğunu göstərir. Ulularımız, eyni zamanda yerə duz töküləndə, qanqaralığı olacağına inanırdılar. Digər bir inanca görə, bədnəzərdən qorunmaq üçün ocağın üzərinə duz tökərlər.

Duz xalq təbabətində də geniş işlənməkdədir və təsadüfi deyildir ki, duzu “təbiətin həkimi” hesab edirlər. İllərin sınağından çıxmış bəzi türkəçarələrə bu gün də müraciət olunur. Məsələn, böcək dişləyən yeri duzlu su ilə silmək lazımdır. Duz vannası gərgin əsəbiliyi və yuxusuzluğu aradan qaldırır. Zökəm, selikli qişa xəstəliklərində buruna duzlu su çəkilər. Başağrısı, miqren zamanı alın və ya gicgaha duz və buz qarışığı qoyular. Boğaz ağrısı zamanı duzlu su ilə qarqara edilməsi müalicəvi təsirə malikdir. Öskürək, bronxit zamanı qaynar su buxarı ilə tənəffüs yaxşı təsir göstərir.

Duzun tibdə işlənməsi son illər daha da təkmilləşdirilmiş və müasir standartlar müəyyənləşdirilmişdir. Duz terapiyası “haloterapiya” adlanır, mənası duzla müalicə deməkdir. Bu müalicə üsulunun hələ qədim yunan dövründən mövcud olduğu təsdiqlənmişdir. Aparılan təcrübələr nəticəsində duz terapiyasının nəfəs yolu və dəri xəstəliklərinin bir çox növlərinin müalicəsində faydalı olduğu müəyyənləşmişdir. Mütəxəssislərin qənaətinə görə, duz terapiyası XIX əsrin ortalarında polşalı Feliks Boçkovskinin duz mədənlərində çalışan işçilərin ağciyər xəstəliklərinə tutulmadıqlarını kəşf etməsi ilə başlamışdır.
Bir çox sağlamlıq mərkəzləri və kurortlarda xüsusi duz otaqları olan yerlər hazırlanıb. Duz mağaraları isə Tanrının insanlara bəxş etdiyi böyük bir nemətdir. Duz mağaralarının tarixi qədim olsa da, günümüzədək yaxşı qorunub saxlanılmış və bu gün də imkanlarından geniş şəkildə istifadə olunmaqdadır. Əsasən, ağciyər xəstələri üçün göstəriş olan bu mağaralar müasir tibbin əvəzolunmaz bir qaynağıdır və elmi dildə “speleoterapiya” adlanır. Yunan dilindən tərcümədə “spelaion” – mağara və “terapiya” – müalicə deməkdir. Speleoterapiya qədim aeroterapevtik müalicə üsullarından biri sayılır və tənəffüs sisteminin (bronxial-astma, bronxit, allergik rinit və sair) duz şaxtalarında dərman qəbul etmədən müalicəsidir. Bu müalicə üsulunun tarixinə nəzər salanda məlum olur ki, duz şaxtası şəraitində aparılan müalicə İtaliya, Macarıstan, Polşa, Almaniya, Ukrayna, Rumıniya və digər ölkələrdə çox geniş tətbiq olunur. Şaxta şəraitində ilk dəfə müalicə hələ 1871-ci ildə İtaliyada aparılmışdır. Belə şəraitdə bronxial-astmalı xəstələrin müalicəsi isə ötən əsrin 40-cı illərində aşkara çıxmışdır.
Azərbaycanda şaxta şəraitində müalicənin tarixi Naxçıvan şəhərində ötən əsrin 70-ci illərindən hesab edilir. Hələ Sovetlər dövründə, 1980-ci ildə Ukraynanın Elmi-Tədqiqat Kurortologiya İnstitutunun direktoru, professor M.D.Toroxtin Naxçıvan Respublika Fizioterapiya Xəstəxanasında ağciyər-bronx aparatının qeyri-spesifik xəstəliklərin müalicəsinin aparılmasında üstünlüklərini nəzərə alaraq xüsusi rəy vermişdir. Naxçıvanda Duzdağ Fizioterapiya Mərkəzi 2008-ci il iyun ayının 4-də açılmışdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Duzdağı Naxçıvanın rəmzlərindən biri hesab edərək bildirmişdir: “Naxçıvanın rəmzlərindən biri də təbii ehtiyatları 90 milyon ton təşkil edən Duzdağdır. Bu dağ ölkəmizdə təkcə saf və təmiz duzu ilə deyil, həm də şəfaverici xüsusiyyətlərinə görə tanınmışdır. Hələ Nuh-Nəbi dövründə burada duz çıxarılır. Şöhrəti dünyaya səs salan İpək Yolundan əvvəl Naxçıvan ərazisində Yaxın Şərq ölkələrinə Duz yolu uzanırdı. Həmin ölkələrə buradan duz daşınırdı. Qədim Naxçıvanın ən möcüzəli yerlərindən biri olan Duzdağın hər qarışında, dağında, daşında tarixin sirli, sehrli izləri gizlənmişdir”.


Hələ ötən əsrin 90-cı illərindən etibarən Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin təşəbbüsü və rəhbərliyi ilə Naxçıvan Duzdağının əhəmiyyəti, müalicəvi xüsusiyyətləri nəzərə alınaraq bu unikal məkanın daha dərindən öyrənilməsi və imkanlarından geniş şəkildə istifadə olunması məqsədilə bir sıra tədbirlər həyata keçirmişdir. Məhz bu tədbirlərin davamı olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov “Naxçıvan: ilkin şəhər və Duzdağ” mövzusunda beynəlxalq simpoziumun keçirilməsi haqqında 2012-ci il 20 aprel tarixdə Sərəncam imzalamışdır. Sərəncama əsasən simpoziuma hazırlıq, eyni zamanda Duzdağ mədəniyyəti tarixinin sistemli şəkildə araşdırılması məqsədilə Tədbirlər Planı təsdiq edilmişdir. “Naxçıvan: ilkin şəhər və Duzdağ” mövzusunda keçirilən beynəlxalq simpoziumda Ali Məclisin Sədri Naxçıvan Duzdağını öyrənmədən, ümumiyyətlə, Naxçıvanda ilkin şəhər mədəniyyətini öyrənməyin mümkünsüzlüyünü bir daha vurğulamışdır.

Ali Məclis Sədrinin 2017-ci il 12 sentyabr tarixdə imzaladığı “Naxçıvanda Duz Muzeyinin yaradılması haqqında” Sərəncamına müvafiq olaraq aprelin 25-də Naxçıvan Duz Muzeyi istifadəyə verilmişdir. Muxtar respublikamızın rəhbəri muzeyin açılışı zamanı bu muzeyin yaradılmasının xüsusi əhəmiyyəti olduğunu vurğulamışdır: “Naxçıvanın tarixi Naxçıvan duzunun çıxarılma tarixi ilə bağlıdır. Naxçıvan tarixini tədqiq etmək üçün, ilk növbədə, Naxçıvan duzunun tarixini öyrənmək lazımdır. Çünki Naxçıvanın şəhər kimi formalaşmasında Naxçıvan duzunun, Duzdağın böyük əhəmiyyəti olmuşdur. 5-7 min il bundan əvvəl tədavüldə qiymətli metallardan və puldan istifadə olunmurdu. Həmin dövrdə yeganə tədavül vasitəsi duz olduğunu nəzərə alaraq demək olar ki, Naxçıvan şəhəri məhz duzun çıxarıldığı bu ərazilərdə salınmışdır. Bu da o qənaətə gəlməyə imkan verir ki, Naxçıvan şəhərinin formalaşması 5-7 min il bundan əvvəl Naxçıvanda ilk dəfə duzun çıxarılması ilə başlanmışdır. Bu barədə müxtəlif ölkələrin tarixçiləri tərəfindən də məlumatlar verilmişdir. Belə ki, II əsrdə yunan alimi Klavdi Ptolomey, XVI əsrdə ərəb alimi Əl-Şərifi, XIX əsrdə rus alimi Konstantin Nikitin və bundan sonrakı dövrlərdə tədqiqat işləri aparan yerli tarixçilərimiz öz əsərlərində Naxçıvan şəhərinin formalaşmasının Nuh Peyğəmbərlə və duzun çıxarılması ilə bağlı olduğunu qeyd etmişlər”.
Qeyd olunmuşdur ki, bu gün də öz əhəmiyyətini itirməyən Naxçıvan duzu hazırda məişətdə, sənayedə, təbiətdə, insan sağlamlığının qorunmasında geniş istifadə olunur, ondan müxtəlif əl işləri hazırlanır. Hər il minlərlə insan Duzdağ Fizioterapiya Mərkəzində müalicə olunur. Bütün bunlar bir daha Naxçıvan duzunun bu gün də böyük əhəmiyyətə malik olduğunu göstərir. Qarşıda duran əsas vəzifə isə Naxçıvanın duz tarixini öyrənərək gələcək nəsillərə çatdırmaqdır. Ona görə də Naxçıvan tarixi bundan sonra da dərindən öyrənilməli, Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsi, müvafiq dövlət qurumları və ziyalılar Naxçıvan şəhərinin yaranmasının duzun çıxarılması ilə bağlılığı sahəsində tədqiqatları genişləndirməli, arxiv sənədləri toplanmalı, yeni kitablar və elmi məqalələr yazılmalıdır.

   Təsadüfi deyil ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Duzdağ Fizioterapiya Mərkəzinin tibbi əhəmiyyətini və sağlamlıq turizminin inkişafındakı rolunu nəzərə alaraq 2019-cu il 16 may tarixdə “Duzdağ Fizioterapiya Mərkəzinin 40 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam imzalamış, bu səhiyyə müəssisəsinin yubileyi yüksək səviyydə qeyd olunmuşdur. Yubileylə əlaqədar əməkdaşların mükafatlandırılması, eləcə də şəfa ocağı üçün yeni inzibati binanın tikilməsi haqqında göstərişin verilməsi muxtar respublikada dövlətin səhiyyəyə, tibb işçilərinə, onların əməyinə verilən ən böyük qiymətidir. Bu gün dünyanın müxtəlif ölkələrindən yuxarı tənəffüs yolları, ağciyər xəstəlikləri və allergiyalardan əziyyət çəkən yüzlərlə insanın üz tutduğu mərkəz ötən müddət ərzində dövlətimizin qayğısı sayəsində öz fəaliyyət imkanlarını xeyli genişləndirmişdir. Muxtar respublika rəhbərinin tapşırığı ilə bir neçə dəfə təmir-bərpa olunan şəfa ocağı müalicə turizminin inkişafına böyük stimul vermişdir. 2008-ci ildə Ali Məclis Sədrinin tapşırıqlarına uyğun olaraq Duzdağ Fizioterapiya Mərkəzinə çevrilən bu səhiyyə ocağının 474 çarpayılıq yeraltı və yerüstü hissəsində bronxial-astma və ağciyər xəstəliklərindən əziyyət çəkən xəstələrin müalicəsi üçün hər cür şərait yaradılmışdır.
Naxçıvan Duzdağı dünya mediasının da diqqətini cəlb etmişdir. Belə ki, Duzdağda olan jurnalistlər bu möcüzəli mağara qarşısında heyrətlərini gizlədə bilməmiş və dünyanın nüfuzlu kütləvi informasiya vasitələri ilə öz təəssüratlarını bölüşmüşlər. Belə ki, “İzvestiya” qəzetinin 25 noyabr 2004-cü il sayında dərc olunmuş “Torpağın sərvəti” adlı məqalədə Naxçıvanın Azərbaycanın duza olan tələbatını tamamilə təmin edə biləcəyi vurğulanmışdır.
Yaponiyada nəşr olunan “Top Lider” jurnalının əməkdaşı İtaru İşi 2010-cu ildə Duzdağı gəzmiş və qayıtdıqdan sonra öz təəssüratlarını “Dünyada ən yaddaqalan anlar” məqaləsində geniş şəkildə qələmə almışdır. “Mağaraya daxil olarkən duzun qoxusu hiss olunur. İnsan ­biranlıq fikirləşir ki, ağzında çoxlu duz vardır. Lakin bir müddət keçdikdən sonra qoxuya alışırsan. Mənim səfərim qış ayına təsadüf etdiyindən mağaradakı temperatur çöldəki temperaturdan daha mülayim idi. Ancaq sərinlik az da olsa, hiss olunurdu, Duz mağarasında havanın temperaturu il boyunca 15-18 dərəcə arasında müşahidə edilir. Yay fəslində Naxçıvanda havanın temperaturu 40 dərəcədən artıq olur. Ona görə də, fikrimcə, isti fəsildə mağaraya getmək daha məqsədəuyğundur”.
Bu qəbildən olan məqalələr sırasında amerikalı jurnalist Mark Heyin “Vice” jurnalında nəşr olunan “Qafqaz dağlarının San-Fransiskosu – Naxçıvana xoş gəlmisiniz!”, eyni zamanda “Mağara tədqiqatçıları üçün füsunkar mehmanxana” adlı məqalələri xüsusilə maraq doğurur. Mark Hey təəssüratlarında bildirir: “Zəngin tarixi keçmişlə müasirliyi və rahatlığı özündə birləşdirən Duzdağ dünyanın heç bir yerində olmayan qəribə və inanılmaz xoş ovqat yaradır. Komaya bənzər kabinələrlə ayrılmış mağaraları gəzərkən insanlar, sanki bunların həqiqət olduğuna inanmırlar. Bu yer müalicəxanadan çox “Ulduz keçidinə” bənzəyir.

Bəli, bu gün Naxçıvan duzunun faydaları, Duzdağın müalicəvi əhəmiyyəti nəinki respublikamızda, hətta onun hüdudlarından kənarda da tanınmaqdadır. Yerli sakinlərlə yanaşı, xarici turistlərin də diqqətini özünə cəlb etməyi bacaran bu unikal məkan Tanrının bizə bəxş etdiyi bir möcüzədir. Vətəndaş olaraq bizim üzərimizə düşən ən böyük vəzifə isə bu nemətləri göz bəbəyimiz kimi qoruyub gələcək nəsillərə çatdırmaqdır.

Çinarə İsmayılova


Naxçıvan Dövlət Universitetinin

Elmi Kitabxanasının əməkdaşı

                                                                             “Şərq qapısı” qəzeti. Nəşr edilib 19.11.2020