Sədərək Rayon Mərkəzi Xəstəxanası

Sədərək rayonu Azərbaycanda yeganə inzibati ərazi vahididir ki, 3 dövlətlə həmsərhəddir. Ötən əsrin 90-cı illərinin əvvəllərində sədərəklilər Ermənistanın aramsız hücumlarına qəhrəmanlıqla sinə gərmişlər. Son illərdə bu bölgədə gedən inkişaf prosesləri isə Sədərəyin Azərbaycan üçün nə qədər mühüm əhəmiyyət daşıdığını bir daha nümayiş etdirmişdir. Təhsil, səhiyyə və digər sahələrdə həyata keçirilən tədbirlər rayonun ümumi inkişafı baxımından xüsusi əhəmiyyətə malikdir. Sədərəkdə inşa olunan mərkəzi xəstəxana binası da bu reallıqdan qaynaqlanır.

      Prezident İlham Əliyev 2010-cu il oktyabrın 5-də Sədərək Rayon Mərkəzi Xəstəxanasının açılışında demişdir: “Bu xəstəxananın açılışı gözəl və əlamətdar hadisədir. Mən xəstəxana ilə tanış oldum, gördüm ki, burada müasir avadanlıq quraşdırılıbdır, yüksək səviyyədə tikinti işləri aparılıbdır, gözəl layihədir. Həm müalicə olmaq, həm də nüayinədən, diaqnostik prosedurlardan keçmək üçün bütün şərait, imkan vardır. Bu xəstəxana rayon sakinləri üçün gözəl bir hədiyyədir. Mən çalışıram və istəyirəm ki, Azərbaycanın hər bir yerində yüksəksəviyyəli tibbi xidmət göstərilsin. Çox şadam ki, Naxçıvanda bu sahədə böyük işlər görülür, böyük uğurlar əldə edilir... Ümid edirəm ki, burada çalışan həkimlər də daim öz peşəkarlığını artıracaqlar. Bu gün həkimlər dünyada gedən ən qabaqcıl proseslərdən xəbərdar olmalıdırlar. Yəni, müasir mətbuatı izləməlidirlər, kompyuter vasitəsilə bütün bu şəbəkəyə qoşulmalıdırlar. Bunu müasirlik tələb edir. Biz elə etməliyik ki, Azərbaycanın hər bir sahəsində, ilk növbədə səhiyyə sistemində müasir texnologiyalar tətbiq olunsun. Bu, ən vacib məsələdir”.

      Ümumi sahəsi 11700 kvadratmetr olan xəstəxana binası ən müasir tələblərə cavab verən tibbi müəssisə kimi layihələndirilərək inşa edilmişdir. Zirzəmi qatı ilə birlikdə üç mərtəbədən ibarət olan xəstəxana 26 çarpayılıqdır. Səhiyyə ocağında 61 nəfər tibbi personal çalışır. Xəstəxanada üç şöbə - stasionar, poliklinika və təcili yardım şöbələri fəaliyyət göstərir. Burada, həmçinin yoluxucu xəstəliklər, pediatriya, doğuş və ginekologiya, cərrahiyyə, terapiya bölmələri, laboratoriya, əczaxana, oftalmologiya, stomatologiya, burun-boğaz-qulaq kabineti, fizioterapiya, manipulyasiya, elektrokardioqrafiya və ultrasəslə müayinə otaqları xəstələrin xidmətindədir. Xəstəxana 15 min 407 nəfərə səhiyyə xidməti göstərir.

 

 

“Sədərək rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı əlavə tədbirlər haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 27 yanvar 2018-ci il tarixli Sərəncamı ilə Sədərək rayonunda icbari tibbi sığortanın tətbiqinin təmin olunması, işçilərinin sosial vəziyyətinin yaxşılaşdırılması və fəaliyyətin stimullaşdırılması məqsədilə  Sədərək Rayon Mərkəzi Xəstəxanasına publik hüquqi         şəxs   statusu        verilib.

İcbari tibbi sığortanın baza zərfinə təcili və təxirəsalınmaz tibbi yardım, ilkin səhiyyə xidməti, ambulator müayinə və müalicə, stasionar müalicə, funksional-diaqnostik müayinələr, fizioterapevtik xidmətlər, laborator müayinələr, hamiləlik və doğuş xidməti, təcili vaksinasiyalar, uşaqların peyvənd təqvimi əsasında planlı vaksinasiyası, cərrahi əməliyyatlar və müxtəlif xəstəliklər üzrə dispanser müşahidələr daxildir.    

Bu vəzifələrin yerinə yetirilməsi üçün maddi-texniki bazanın möhkəmləndirilməsi diqqət mərkəzində saxlanılıb. Ali Məclisi Sədrinin tapşırığı ilə 2017-ci ilin ikinci yarısında Yaponiya, ABŞ və Avropa ölkələrində istehsal olunmuş, ən müasir texnoloji yenilikləri özündə birləşdirən tibbi avadanlıq, aparat və cihazlar alınaraq Sədərək Rayon Mərkəzi Xəstəxanasında  quraşdırılıb. 

Xəstəxanada quraşdırılan 23 kompüterdə icbari tibbi sığortaya cəlb olunan şəxslərin şəxsiyyətini təsdiiq edən sənəd üzrə məlumatlar, şəxsin iş yeri və gəlirləri, pensiyaçılar, sosial müavinət alanlar, işsiz statusu olanlar,ünvanlı dövlət sosial yardımı alanlar, gəlir vergisi və ya sadələşdirilmiş vergi bəyannaməsi üzrə məlumatlar, əyani təhsil alan tələbələr, ölüm və doğum faktının qeydiyyata alınmasına dair məlumatlar, tibb müəssisələri üzrə məlumatlar, mövcud tədbirlər proqramları ilə əhatə olunan, həmçinin özəl tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslər barədə məlumat toplanılıb. Vahid məlumat bazası və server otağı yaradılıb. Bu, hər bir həkimə müayinə etdiyi xəstə haqqında məlumatı sistemdə yerləşdirə bilmək imkanı yaradıb.

Qeyd edək ki, Sədərək rayonunda icbari tibbi sığorta sisteminin tətbiqilə bağlı Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi tərəfindən tədbirlər planını hazırlanıb və onun icrası nəzarətə götürülüb. Tədbirlər planının icra  vəziyyəti xüsusi həkim komissiyası tərəfindən yoxlanılıb və nazirliyin kollegiyasında müzakirə edilərək müvafiq qərar qəbul edilib.

Hazırda Sədərək Rayon Mərkəzi Xəstəxanası tərəfindən icbari tibbi sığorta çərçivəsində    vətəndaşlara  təcili və təxirəsalınmaz tibbi yardım, ilkin səhiyyə (ailə həkimi) xidməti, ambulator şəraitdə müayinə və müalicə, stasionar müalicə, funksional-diaqnostik müayinələr -- USM, rentgen, EKQ və digər tibbi xidmətlər göstərilir.

Fizioterapevtik xidmətlər, laborator müayinələr, hamiləlik və doğuş xidməti, təcili vaksinasiyalar (quduzluq, tetanus, ilan zəhəri əleyhinə və s.), uşaqların peyvənd təqvimi əsasında planlı vaksinasiyası, cərrahi əməliyyatlar, müxtəlif xəstəliklər üzrə  dispanser müşahidə xidmətləri də xəstəxana üzərinə düşən vəzifələr sırasındadır.

Qeyd edildiyi kimi, Sədərək Rayon Mərkəzi Xəstəxanasında  2018-ci il iyulun 1-dən icbari tibbi sığorta sistemi tətbiqi təmin edilib. Ötən müddətdə görülən işləri icbari tibbi sığortanın ilk addımları kimi müəyyən nəticələr çıxarmağa imkan verir.

Bu gün muxtar respublika əhalisinin hər bir səhiyyə müəssisəsindən hərtərəfli yararlanmasına imkanı var. İcbari tibbi sığortanın tətbiqi
bu imkanlardan daha səmərəli istifadə etməklə insanların sağlamlığının daha etibarlı şəkildə mühafizəsində  yeni mərhələyə çevriləcəkdir.