Kəngərli Rayon Mərkəzi Xəstəxanası

Muxtariyyət ili ölkə başçısı İlham Əliyevin yenidənqurmadan sonra Kəngərli Rayon Mərkəzi Xəstəxanasının açılışında iştirakı Naxçıvan səhiyyəsi üçün əlamətdar hadisələrdən biri olmuşdur. Bu tibb ocağı Qıvraq Kənd Sahə Xəstəxanasının bazasında yaradılmaqla 30 mindən çox əhaliyə xidmət edir. Möhtəşəmliyi ilə yanaşı, xidmətin müxtəlifliyi ilə fərqlənir. Kompleksə stasionar və poliklinika  şöbələri, 3 bölmə daxildir. Cərrahiyyə, terapiya, pediatriya, ginekologiya, yoluxucu xəstəliklər, anesteziologiya və reanimatologiya, şüa diaqnostikası, fizioterapiya, qəbul şöbələri, poliklinika, doğuş bölməsi, laboratoriya, təcili tibbi yardım şöbəsi tibbin son nailiyyətləri olan avadanlıq və cihazlarla təmin edilib. Bu il Kəngərli Rayon Mərkəzi Xəstəxanasında yeni yaradılmış hemodializ bölməsi fəaliyyətə başlamışdır. 4 nəfər xroniki böyrək çatışmazlığı olan xəstə artıq bu səhiyyə müəssisəsində dializ olunur.

 

 

Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyinin qeyd edildiyi cari ilin ötən dövründə Şərur rayonunda icbari tibbi sığortanın tətbiqinə hazırlıq işləri ilə əlaqədar Kəngərli rayonunda icbari tibbi sığortaya keçidlə əlaqədar rayon xəstəxanası yenidən qurulub, proqram təminatı yaradılıb və yeni avadanlıqlarla təchiz edilib.

Xok kəndində xəstəxana tipli həkim ambulatoriyası

Xok kəndi muxtar respublikanın böyük yaşayış məntəqələrindən biridir. Kənddə 5 mindən artıq əhali yaşayır. Kəndin böyüklüyü və əhalinin çoxluğu nəzərə alınaraq burada həkim ambulatoriyası yaradılmış və müvafiq ştatlarla təmin olunmuşdur. 2014-cü il noyabrın 18-də açılışı olan Xok kənd həkim ambulatoriyası muxtariyyət ilinin yadigarına çevrilmişdir. Yaradılan şərait və mövcud tibbi personal kənddə səhiyyə xidmətinin nümunəvi şəkildə qurulmasına imkan verir.

 

 

      İki mərtəbədən ibarət olan binada 11 otaq, o cümlədən stomatoloq üçün kabinə, pediatr, palata, doğuş, peyvənd, aptek, mama və manipulyasiya otaqları yerləşir. Ambulatoriya lazımi tibbi avadanlıqlar və dərman vasitələri ilə təmin olunmuşdur. Haliyədə ambulatoriyada 11 tibb işçisi sakinlərə xidmət göstərir. Tibb işçiləri peyvənd işinin vaxtlı-vaxtında aparılmasına və gigiyenik qaydalara əməl olunmasına, səhiyyə maarifi işinin ardıcıl olaraq həyata keçirilməsinə diqqət yetirirlər.

      Həkim ambulatoriyasının həyətində geniş abadlıq işləri aparılmışdır.