Səhiyyə Nazirliyinin avqust kollegiyası

Sentyabrın 1-də Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində 2021-2022-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə bağlı kollegiya ilcası keçirilib. Səhiyyə naziri Niyazi Novruzov Ali Məclis Sədrinin diqqət və qayğısı nəticəsində  ötən qış mövsümündə muxtar respublikada bütün sahələrdə olduğu kimi səhiyyə müəssislərində də fasiləsiz, ahəngdar iş rejiminin təmin edildiyini bildirib. Diqqətə çatdırıb ki, bu gün Naxçıvan Muxtar Respublikasında ən son yenilikləri özündə əks etdirən avadanlıqlarla təchiz olunmuş tibb ocaqlarının istifadəyə verilməsi davam etdirilir.

Cari ilin ötən dövründə Naxçıvan Muxtar Respublikası Gigiyena və Epidemiologiya Mərkəzi, onun Şərur və Şahbuz rayon şöbələri müasir tibbi avadanlıqlarla təchiz edilərək yeni binalara köçürülmüşdür. Şərur rayon Şəhriyar, Ordubad rayon Yuxarı Əndəmic və Nüsnüs, Şahbuz rayon Ağbulaq kənd həkim ambulatoriyaları yeni tikilmiş, Ordubad Rayon Uşaq Xəstəxanası isə yenidənqurmadan sonra bütün ehtiyac olan avadanlıqlarla təchiz edilərək istifadəyə verilmişdir.

 Culfa Rayon Gigiyena və Epidemiologiya Şöbəsinin yenidən qurulması, Şərur rayon Çərçiboğan, Ordubad rayon Dırnıs kənd həkim ambulatoriyalarının, Şərur rayon Dərvişlər, Babək rayon Göynük, Ordubad rayon Vələver kənd feldşer-mama məntəqələrinin, Darıdağ Arsenli Su müalicəxanasının tikintisi isə davam etdirilir.

Dezinfeksiya işlərini daha da yaxşılaşdırmaq üçün 2 ədədi Naxçıvan Muxtar Respublikası Gigiyena və Epidemiologiya Mərkəzinə və 7 ədədi rayon şöbələrinə olmaqla gigiyena və epidemioloji xidmətə 9 ədəd maşın verilmişdir.

Yeni istifadəyə verilən müəssisələr istilik sistemi ilə təchiz edilir, payız-qış mövsümünə hazır vəziyyətə gətirilir. Bu səbəbdən son illər qış mövsümü üçün ehtiyac olan yanacaq  keçən illərə nisbətən xeyli azalmış, mal-materiala isə ehtiyac qalmamışdır. 2021-2022-ci ilin qış mövsümündə 82 tibb müəssisəsi fərdi istilik sistemi ilə, 130 müəssisə mərkəzi istilik sistemi ilə, 5 müəssisə neft sobası ilə qızdırılacaq. Bu ildə, keçən illərdə olduğu kimi qışa hazırlıq məqsədi ilə bütün elektrik xətləri, transformator, generatorlar, istilik və su xətləri müvafiq qurumlar və müəssisələrin özləri tərəfindən nəzarət qaydası ilə yoxlanılır və çatışmazlıqlar aradan qaldırılır.

Səhiyyə naziri payız-qış aylarında baş verə biləcək hər hansı hal üçün müəssisə rəhbərləri məsuliyyət daşıdığını vurğulayaraq bildirib ki, sertifikatı olmayan ocaqçılar qazanxana maşinisti kurslarına cəlb olunmalı, səhiyyə müəssisələrinə veriləcək yanacaq və mal-materialdan səmərəli istifadə təmin edilməli, bütün tibb müəssisələrində ocaqçı və gözətçilərin peşə hazırlıqları bir daha yoxlanılmalı, dövlət mülkiyyətinin qorunmasına şüurlu münasibət formalaşdırılmalıdır. Payız-qış mövsümü ilə əlaqədar nəzarət komissiyaları yaradılmalı, müntəzəm reydlər aparılmalı, ocaqçı və gözətçilərin iş vaxtına, geyim formalarına və təhlükəsizlik qaydalarına əməl etmələri nəzarətdə saxlanmalıdır. Səhiyyə müəssisələrində elektrik enerjisi, su və təbii qazdan səmərəli istifadə ilə bağlı müvafiq izahat işləri aparılmalı, istilik sistemi ilə işləyən təhsil müəssisələrində istiliyin hava şəraitinə uyğun tənzimlənməsinə nəzarət edilməli, izafi xərclərə yol verilməməlidir.

Niyazi Novruzov avqustun 28-də Naxçıvan Muxtar Respublikasında 2021-2022-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilən müşavirədə Ali Məclis Sədrinin bütün təşkilatlara, o cümlədən səhiyyə nazirliyinə qış mövsümünü fəsadsız keçirmək üçün tapşırıqlar verdiyini xatırladıb. Belə ki, səhiyyə nazirliyi tələbata uyğun dərman preparatları və tibbi avadanlıqlarla təminatı davam etdirməlidir. Səhiyyə maarifinə diqqət artırılmalı, əhali mövsümi xəstəliklərlə bağlı məlumatlandırılmalı, profilaktik tədbirlər görülməli, gigiyena və epidemiologiya mərkəzləri tərəfindən qrafikə uyğun dezinfeksiya işlərinin aparılması  davam etdirilməli, tibbi avadanlıq və generatorların işlək vəziyyətdə olması diqqətdə saxlanılmalıdır.

Nazir muxtar respublika əhalisinə vaxtında, keyfiyyətli, fasiləsiz səhiyyə xidməti göstərmək və qış mövsümünü fəsadsız keçrmək üçün Ali Məclis Sədrinin bütün tövsiyə və tapşırıqlarının vaxtında yerinə yetiriləcəyinə əminliyini ifadə edib, bu işdə tibb müəssisələrinə uğurlar arzulayıb.

Sonra Naxçıvan Muxtar Respublikası Səhiyyə nazirinin müavini, Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Zeynəb Mustafayeva, nazirliyin Maliyyə-İqtisadiyyat şöbəsinin müdiri Asəf Musayev, Ordubad Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Elmar Zeynalov çıxış edərək muxtar respublikanın səhiyyə müəssisələrində 2021-2022-ci illərin payız-qış mövsümünə hazırlığın vəziyyəti haqqında məruzə ediblər.

Kollegiya iclasında digər məsələlər də müzakirə olunub. Naxçıvan Muxtar Respublikası Doğum Mərkəzinin həkim ginekoloqu Vüsalə Babayeva “Muxtar respublikada hamilələrə göstərilən patronaj xidmətinin vəziyyəti”,tibb müəssisələrində laborator kabinələrin fəaliyyətinə nəzarət komissiyasının üzvü, Naxçıvan şəhər Təcili Tibb Mərkəzinin baş həkimi Vüsal Əliyev “Tibb müəssisələrində laborator kabinələrin fəaliyyəti”, Naxçıvan Muxtar Respublikası Səhiyyə nazirinin aparat rəhbəri Vüqar Babayev “Tibb müəssisələrində gecə növbələrində əmək intizamına nəzarət haqqında” məlumat veriblər.

Səhiyyə naziri Niyazi Novruzov kollegiya iclasına yekun vurub.

                         “Şərq qapısı” 2.09.21

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidməti