Səhiyyə nazirliyində mart ayının yekunlarına dair kollegiya ilcası keçirilib

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində  mart ayının yekunu və qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclası keçirilib. 

Səhiyyə naziri Niyazi Novruzov çıxış edərək bildirib ki, mart ayında əhalinin sağlamlığının qorunması və tibbi xidmətin səviyyəsinin yüksədilməsi istiqamətində işlər davam etdirilib. Muxtar respublika sakinlərinin sosial rifahının yüksəlməsinə əsaslanan, səhiyyə xidmətlərinin səmərəliliyini, keyfiyyətini xeyli artırmaq məqsədi daşıyan icbari tibbi sığortanın əhatə dairəsinin daha da genişlənməsinə yol açan tibb ocaqlarının müasir tələblərə cavab verən şəkildə qurulması işi həyata keçirilib.

Dünyada pandemiya halını alan virusun muxtar respublikada yayılmasının qarşısının alınması sahəsində genişmiqyaslı tədbirlər görülüb, Bütün yaşayış məntəqələrində görülən qabaqlayıcı tədbirlərin, davamlı dezinfeksiya işlərinin aparılmasının nəticəsidir ki, ölkə səviyyəsində xəstəliyə ən aşağı yoluxma halı məhz muxtar respublikada müşahidə olunub.

Son iki ayda muxtar respublikada birinci doza    6 min 22, ikinci doza  isə   4 min 88 nəfər, bütövlükdə 10 min 110 nəfər “Sinovac” vaksininə cəlb olunub.

Vaksinasiya muxtar respublikamızın bütün rayonlarında uğurla davam etdirilir.

Səhiyyə sisteminin yenidən qurulması və müasir standartlara uyğunlaşdırılması, ixtisaslı kadrların hazırlanması, yoluxucu xəstəliklərin profilaktikası diqqət mərkəzində saxlanılıb. Kadr hazırlığı və səhiyyə obyektlərinin müasir avadanlıqlarla təchiz olunması sahəsində tədbirlər davamlı xarakter alıb.

Muxtar respublikada dispanserizasiya işini yaxşılaşdırmaq, əhalini kütləvi müayinələrdən keçirmək, ucqar kəndlərdə və obalarda əhaliyə yüksək ixtisaslı səhiyyə xidmətləri göstərmək məqsədilə yaradılmış həkim briqadaları yerlərdə müayinə və müalicə işi aparıb, təhsil işçiləri arasında süd vəzi xərçəngini vaxtında aşkarlamaq üçün profilaktik kütləvi müayinələr davam etdirib. 

Dövlət proqramlarının icrası da daim diqqət mərkəzində saxlanılıb.

Səhiyyə nazirliyinin Tibbi yardımın təşkili şöbəsinin müdiri S.Cəfərov 2021-ci ilin 3 ayi ərzində HMK-nin fəaliyyəti və TSEK-ə göndərişlərin vəziyyəti barədə hesabat verib.

 Sonra nazirliyin Sanitar Epidemioloji Nəzarət sektorunun baş məsləhətçisi Türkan Hüseynovanın  Culfa və Ordubad rayon tibb müəssisələrinin sanitar-gigiyenik vəziyyəti barədə hesabatı dinlənilib.

Müzakirə edilən məsələlərlə bağlı qərarlar qəbul olunub.

 Səhiyyə naziri  Niyazi Novruzov  qarşıda duran vəzifələrin icrası üçün tapşırıqlar verib, onların icrasında səhiyyə işçilərinə uğurlar arzulayıb.

Naxçıvan Muxtar Respublika­sı­nın Səhiyyə Nazirliyinin mətbuat xidməti