Səhiyyə Nazirliyində kollegiya iclası keçirilib

Dekabrın 25-də Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində kollegiya ilcası keçirilib.

                  Səhiyyə naziri Niyazi Novruzov bildirib ki, bu gün muxtar respublikada ən son yenilikləri özündə əks etdirən avadanlıqlarla təchiz olunmuş tibb ocaqlarının istifadəyə verilməsi davam etdirilir. Belə ki, Şərur rayon Şəhriyar kənd həkim ambulatoriyası və Şahbuz rayon GEM-i yeni tikintidən sonra dekabr ayında, bütün növ tibbi avadanlıq və ləvazimatlarla təmin edilərək əhalinin istifadəsinə verilmişdir.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi İnnovasiya və Təchizat Mərkəzindən dializ olunan xroniki böyrək çatışmazlığı olan xəstələr üçün dializ materialları və dərman preparatları, qrip vaksini və işlənmiş şprisləri məhv etmək üçün konteyner gətirilmişdir.

İlkin vərəm intoksikasiyasının təyini məqsədilə Tuberkulin alınmışdır.

Mir Qasımov adına Respublika Klinik Xəstəxanasından Hemofiliyalı və Talassemiyalı xəstələr üçün 8-ci  faktor dərman preparatları gətirilmişdir.

Tibb işçilərinin peşə bacarıqlarının yüksəldilməsi istiqamətində tədbirlər davam etdirilmişdir. 1 rezident Bakı şəhərinə iş yerində təcrübə keçməsi üçün, 30 peyvənd tibb bacısı, 7 fiziopterapiya tibb bacısı və 13 mama Tibb Kollecində təkmilləşdirmə kursu keçmək üçün göndərilmişdir.

Naxçıvan MR  Səhiyyə Nazirliyində  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə Tibbi-Sosial Ekspertiza və Reablitasiya altsisteminin fəaliyyətə başlaması ilə əlaqədar maarifləndirici seminar keçirilmişdir.

Respublika xəstəxanasının həkim briqadası Naxçıvan şəhərində və Culfa rayon Camaldın, Saltax, Bənəniyar, Göydərə, Xöşkeşin kəndlərində yaşayan Qarabağ müharibəsi qazilərindən 16 nəfəri hərtərəfli tibbi müayinədən keçirmişlər.

Koronavirus pandemiyası ilə mübarizə tədbirləri çərçivəsində karantində olan vətəndaşların yaşadığı evlərdə dezinfeksiya işləri və səhiyyə maarifi işləri, məktəblərdə hər gün termometriya aparılması və dezinfeksiya işləri davam etdirilmişdir.

Qrip əleyhinə 2800 nəfərdə vaksinasiya aparılmışdır.

Vərəm ocaqları olan yerlərdə, Babək rayon Nehrəm, Cəhri, Şıxmahmud, Kəngərli rayon Qarabağlar, Qıvraq, Xok, Şahbuz rayon Şahbuzkənd, Culfa rayon Göydərə, Naxçıvan şəhər Tumbul  kəndlərində 6100 doza tuberkulin sınaqları, qanla işləyən tibb işçilərindən 142 nəfərinə II tur, 65 nəfərinə I tur hepatitə qarşı vaksinasiya aparılmışdır. 

Naxçıvan MR təhsil müəssisələrində şagirdlərin pediatr, oftalmoloq, stomatoloq, ortoped tərəfindən kütləvi müayinəsi aparılmış, cəmi 42300 nəfərdə müayinə aparılmış, 6350 nəfər dispanser qeydiyyata alınmışdır.

Kollegiya iclasında Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin aparat rəhbəri Vüqar Babayev “Həkim rezidentlərin fəaliyyətləri və tibb kolleci tələbələrinin təcrübə dərslərinin vəziyyəti haqqında”, ibbi yardımın təşkili şöbəsinin baş məsləhətçi pediatrı Məhsəti Allahyarova “Ordubad rayonunda uşaq əhalisinə göstərilən tibbi yardımın vəziyyəti haqqında” çıxış ediblər. Müzakirə olunan məsələlərlə bağlı kollegiyanın qərarı qəbul olunub.

Kollegiya iclasında 2021-ci ilin birinci yarısına aid iş planı qəbul edilib, tibb müəssisələrinin 2020-ci il üzrə ststistik hesabatlarının qəbul cədvəli müəyyənləşdirilib.

Həmçinin risk qruplu tibb işçiləri və dializ xəstələrinə hepatit B peyvəndinin, risk qrupları arasında qrip əleyhinə peyvəndin  icra vəziyyəti endemik ocaq sayılan bölgələrdə aparılmış tuberkulin müayinəsinin nəticəsi barədə məlumatlar verilib.

Tədbirdə Süleyman  Cəfərov,  Pəri  Əliyeva,  Təranə Cəfərovanın müəllifliyi ilə bu günlərdə çapdan çıxmış “Təcili tibbi yardım”adlı  kitabın da təqdimatı olub.

Nazirliyin Mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş məsləhətçisi Hüseyn Əsgərov kitabın elmi məziyyətlərindən danışıb. Oeyd olunub ki, gündəlik həyatda müxtəlif zədələnmələrə, bədbəxt hadisələrə və qəflətən zəhərlənmələrə tez-tez təsadüf edilir. Klinik təbabətin bütün sahələrinə aid olan belə ağır hallar təxirəsalınmaz tibbi yardımın göstərilməsini tələb edir. Əks hallarda xəstələrin həyatının xilası, sonrakı müalicənin səmərəliliyi göstərilən ilkin tibbi yardımın vaxtında aparılmasından, ardıcıllığından, həcmindən və keyfiyyətindən asılı olur.

İxtisasından asılı olmayaraq hər bir tibb işçisi təxirəsalınmaz ilkin tibbi yardım göstərməyi bacarmalıdır. Əgər belə hallarda tibb işçisi öz peşə borcunu yerinə yetirməzsə,o, inzibati, yaxud cinayət məsuliyyəti daşıyır.

Kitabda daha çox təsadüf olunan zədələnmələr, kəskin qəfləti xəstəliklər, zəhərlənmələr, onların diaqnostikası, təcili-təxirəsalınmaz yardımın göstərilməsi və digər məsələlər şərh edilir.

Kitab bütün ixtisas həkimləri üçün nəzərdə tutulub. Həmçinin kitabdan orta tibb işçiləri, tibb universitetinin və tibb kollecinin tələbələri, bədbəxt və fövqəladə hallar zamanı adi vətəndaşlar da istifadə edə bilər.

Təqdim olunan kitab Naxçıvan Muxtar Respublika­sı­nın Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurasının 12 noyabr 2019-cu il tarixli qərarı ilə çap olunub. Məsləhətçisi Naxçıvan Muxtar Respublika­sı­nın Səhiyyə naziri, Azərbaycan və Naxçıvan Muxtar Res­publikasının Əməkdar həkimi Niyazi Novruzov, rəyçisi mərhum kardioloq-həkim Alı Əliyev,  elmi redaktoru isə tibb elmləri doktoru, dosent İsa Abdullayevdir. Kitabın müəlliflərindən biri olan Süleyman Cəfərov muxtar respublikanın tanınmış kardioloq həkimlərindən biridir.O, 1981-88-ci illərdə Naxçıvan şəhər Təcili yardım stansiyasında çağırışçi həkim işləyib. 2004-cü ildən Naxçıvan Muxtar Respublika­sı­nın Səhiyyə Nazirliyində Tibbi yardımın təşkili şöbəsinin müdiridir. 2018-ci ildə NDU-nun ümumi təbabət və gigiyena kafedrasına baş müəllim təyin olunub. Daxili xəstəliklər fənnindən dərs deyir. 2007-ci ildə Naxçıvan Muxtar Respublika­sı­nın,2008-ci ildə isə Azərbaycan Respublikasının Əməkdar həkimi fəxri adına layiq görülüb. 2 kitabın, 8 metodik vəsaitin, 25-dən artıq elmi məqalənin müəllifidir.

 “Əcəmi”Nəşriyyat Poliqrafiya Birliyində çap olunmuş bu kitab 57 bölmədən, 566 səhifədən ibarətdir. Hər bir bölmədə təcili tibbi yardım ilə bağlı təhlil aparan müəlliflər oxucuya maraqlı məlumatlar əldə et­mək imkanı yaradıblar.  

 Həmçinin mövzuya dair şəkillər, cədvəllər əyani vasitə kimi müxtəlif  təcili-təxisalınmaz tədbirlərə ehtiyac olan xəstəliklərin diaqnostikası və göstərilən ilkin tibbi yardımın xronoloji ardıcıllığı öz əksini tapır və  kitabın sanbalını artırır.

Səhiyyə naziri Niyazi Novruzov  yanvar ayı ərzində görüləcək işlər barədə tapşırıqlar verib və qarşıdan gələn 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təddbir iştirakçılarını təbrik edib, onlara yeni        ildə    yeni-yeni    uğurlar,cansağlığı arzulayıb.

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidməti