Səhiyyə nazirliyində ötən ilin yekunları müzakirə olunub, qarşıda duran vəzifələr müəyyənləşdirilib

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində 2019-cu ildə görülmüş işlər və qarşıda duran vəzifələrlə bağlı kollegiya iclası keçirilib. İclası giriş sözü ilə açan nazir Niyazi Novruzov 1924-cü il yanvarın 18-də Naxçıvan MSSR Mərkəzi İcraiyyə Komitəsinin qərarı ilə Xalq Səhiyyə Komissarlığı yaradıldığını xatırladaraq bu əlamətdar gün münasibətilə tədbir iştirakçılarını təbrik edib.

Ölkəmizdə səhiyyənin cəmiyyət və dövlət həyatında ən mühüm sahəyə çevrilməsinin, onun inkişaf və tərəqqisinin xalqımızın ümummilli lideri­­ Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğulayan nazir qeyd edib ki, əvvəlki illərdə olduğu kimi 2019-cu ildə də muxtar respublikamızın iqtisadi və sosial həyatında bütün sahələrdə inkişafa nail olunub. Əhalinin sağlamlığının qorunması və tibbi xidmətin səviyyəsinin yüksədilməsi istiqamətində də işlər davam etdirilib.

Nazir səhiyyə xidmətlərinin səviyyəsini müasir tələblərə çatdırmaq, keyfiyyətini daha da yaxşılaşdırmaq məqsədilə ötən aparılan quruculuq işlərindən, həyata keçirilən islahatlardan danışıb. İnfra­struktur quruculuğu ilə yanaşı, səhiyyə müəssisələrinə 10 təcili tibbi yardım avtomobili verildiyini, Naxçıvan Diaqnostika-Müalicə Mərkəzində ən müasir angioqrafiya aparatı quraşdırıldığını bildirib.

Qeyd edilib ki, hesabat ilində səhiyyə sisteminin yenidən qurulması və müasir standartlara uyğunlaşdırılması, ixtisaslı kadrların hazırlanması, yoluxucu xəstəliklərin profilaktikası diqqət mərkəzində saxlanılıb. Kadr hazırlığı və səhiyyə obyektlərinin müasir avadanlıqlarla təchiz olunması sahəsində tədbirlər davamlı xarakter alıb.

Muxtar respublikada həyata keçirilən sosial-iqtisadi islahatların səmərəliliyi, əhalinin yaşayış standartlarının davamlı yüksəlişi, güzəranının daha da yaxşılaşması, müalicə profilaktika işinin təşkili sahəsində görülən tədbirlər, tibbi xidmətin keyfiyyətinin və əhatəliliyinin artırılması və ümumiyyətlə əhali rifahının davamlı yüksəlişi demoqrafik vəziyyətə də öz təsirini göstərib. Belə ki, muxtar respublikada 2019-cu ildə 5303 uşaq doğulub, təbii artım 0.7, doğum göstəricisi 11,5, ölüm göstəricisi 4,5,  1 yaşa qədər uşaq ölümü 1,1  promilli  təşkil edib.

Muxtar  respublikada dispanserizasiya işini yaxşılaşdırmaq, əhalini kütləvi müayinələrdən keçirmək, ucqar kəndlərdə və obalarda əhaliyə yüksək ixtisaslı səhiyyə xidmətləri göstərmək məqsədilə yaradılmış həkim briqadaları yerlərdə müayinə və müalicə işi aparıb, təhsil işçiləri arasında süd vəzi xərçəngini vaxtında aşkarlamaq üçün profilaktik kütləvi müayinələr, ilkin vərəm xəstəliyinin vaxtında aşkarlanması məqsədilə kiçik yaşlı uşaqlar arasında tuberkulin sınağı, yuxarı sinif şagirdləri və müəllimlər arasında flüoroqrafiya müayinəsi və məktəb yaşlı uşaqların kütləvi oftalmoloji, stomatoloji, ortopedik, endokrinoloji müayinələri davam etdirilib.  Nazir diqqətə çatdırıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 9 oktyabr 2018-ci il tarixli “Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın icrasının davam etdirilməsi, uşaqlara göstərilən tibbi xidmətin səviyyəsinin yüksəldilməsi, uşaqların sağlamlıq vəziyyətinin yaxşılaşdırılması, uşaq ölümünün azaldılması istiqamətində müsbət nəticələr əldə edilib. İl ərzində digər dövlət proqramları da uğurla icra olunub. Belə ki, muxtar respublikanın səhiyyə müəssisələrində xroniki böyrək çatışmazlığından əziyyət çəkən xəstələrin aktiv müalicəyə cəlb edilməsi, eləcə də xəstələrin dövlət vəsaiti hesabına ixtisaslaşdırılmış müalicə ilə təminatına diqqət yetirilib. Yaradılmış təminat hesabına hazırda Naxçıvan şəhəri ilə yanaşı, rayon mərkəzi xəstəxanalarında 141 xəstə hemodializ seansı alır. Həyata keçirilən tədbirlər nəticəsində şəkərli diabet xəstələrinin dərman və özünənəzarət vasitələri ilə təminatı xeyli yaxşılaşıb.

Son illər qan xidmətinin inkişafına da xüsusi diqqət yetirilir. Hazırda Naxçıvan Muxtar Respublika Xəstəxanasında mövcud şərait Mərkəzi Qan Bankının fəaliyyətinə geniş imkanlar açıb. Qan Bankında qan komponentlərinin alınması və uzun müddət saxlanılması üçün hər bir şərait yaradılıb. Görülən işlərin nəticəsi olaraq muxtar respublikada talassemiya və hemofiliyalı xəstələrin ömür müddəti xeyli uzadılıb. Hazırda muxtar respublikada 37 talassemiyalı, 76 hemofiliyalı xəstə qeydiyyatda durur ki, onların qan komponentləri ilə bərabər dərman təminatı da daim  yüksək səviyyədə aparılır.

Naxçıvanda səhiyyə turizmi də diqqətdə saxlanılan məsələlərdəndir. Muxtar respublikada Duzdağ Fizio­terapiya Mərkəzi, Darıdağ Arsenli Su Müalicəxanası, Diaqnostika - Müalicə Mərkəzində aparılan “Şorsu” vulkanik palçığı ilə müalicələr, eyni zamanda səhiyyə turizminin inkişafına da stimul verir. Nəticədə muxtar respublikada 2018-ci ildən sanator-kurort müalicələrinə başlanılıb. Ötən il Azərbaycanın digər rayonlarından 447 əlilliyi olan şəxsin müalicə kursu keçməsi təşkil edilib. Naxçıvan Muxtar Respublikası Diaq­nostika-Müalicə Mərkəzi publik hüquqi şəxsində “Şorsu” palçığı ilə müalicəyə gələnlərin sayı get-gedə artmaqdadır.

Səhiyyə naziri hesabat dövründə tibb işçilərinin ixtisas səviyyəsini artırmaq məqsədilə çox saylı seminar və konfranslar keçirildiyini, Bakı şəhəri və Türkiyə Respublikasının müxtəlif klinika və xəstəxanalarına təkmilləşmə kurslarına göndərildiyini, həkim və orta tibb işçilərinin sertifikasiya işi davam etdirildiyini bildirərək deyib ki, bu müddət ərzində müxtəlif klinikalardan yüksək ixtisaslı həkimlər və kollektivlər muxtar respublikaya dəvət olunub və Naxçıvan həkimləri ilə birgə fəaliyyət göstərərək xeyli sayda əməliyatlar aparıblar.

Yoluxucu xəstəliklərin qarşısının alınması məqsədilə daima dezinfeksiya və dezinseksiya tədbirləri, larviolla delervasiya davam etdirilib. Bunun nəticəsidir ki, yoluxucu xəstəliklərin kökü demək olar ki, kəsilib. Əhali arasında geniş səhiyyə maarifi işləri aparılmaqla, müxtəlif yaş qruplarının dispanserizasiya tədbirləri ardıcıl həyata keçirilir.

Naxçıvan Muxtar Respublikası ərazisində Hepatit B və C virus infeksiyalarının qarşısının alınması tədbirlərinin genişləndirilməsi məqsədilə 2016-cı il dekabrın 27-də Ali Məclisdə keçirilmiş müşavirədə Ali Məclis Sədrinin tapşırıqlarının icrası məqsədilə işlər bu gün də ardıcıllıqla aparılır.

Həyata keçirilən səhiyyə islahatlarının ən mühüm cəhətlərindən biri də muxtar respublikada icbari tibbi sığortanın tətbiqidir.

Nazir qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 18 mart tarixli “Naxçıvan Muxtar Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanı muxtar respublikada icbari tibbi sığortanın tətbiqi ilə əlaqədar göstərilən tibbi xidmətlərin keyfiyyətinin yüksəlməsi, hər bir vətəndaş üçün əlçatan olması baxımından mühüm əhəmiyyət daşıyır.

Ali Məclis Sədrinin Sərəncamları ilə Sədərək, Şərur, Kəngərli, Şahbuz, Ordubad və Babək rayonlarında, həmçinin respublika və şəhər əhəmiyyətli tibb müəssisələrində İcbari Tibbi Sığorta Sisteminin tətbiqinə başlanılıb. Rayon mərkəzi xəstəxanaları, Şərur Rayon Uşaq Xəstəxanası, respublika və şəhər əhəmiyyətli müəssisələr publik hüquqi şəxs statusu alıb, işçilərin əmək haqqı 50% artırılıb. Həmin müəssisələrdə icbari tibbi sığortanın və tibbi xidmətin fəaliyyətini təmin etmək üçün cari təmir və yenidənqurma işləri aparılıb, ehtiyac olan avadanlıqlarla təmin edilmiş və sığorta üçün vacib olan nümunəvi tibbi informasiya sistemi - kompüter proqram təminatı yaradılıb.

Nazir hesabat ilində yol verilmiş nöqsan və çatışmazlıqlar  barədə də danışıb, onların aradan qaldırılması üçün konkret tapşırıqlar verib və əmin olduğunu bildirib ki, tibb işçiləri əhalinin sağlamlığı naminə əzmkarlıqla işləyəcək, 2020-ci ildə daha yüksək nəticələrə nail olacaqlar.

Sonra məruzə ətrafında Nazirliyin Statistika və İnformatika sektorunun müdiri Kəmalə Həsənova, Naxçıvan Diaqnostika Mərkəzi Pullik hüquqi şəxsin baş həkimi Nihad Seyidov, Şahbuz Rayon Mərkəzi Xəstəxanasının baş həkimiİlvin Rzayevin çıxışları dinlənilib və müvafiq qərar qəbul edilib.

                Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidməti