Səhiyyə nazirliyində onkoloji tibbi xidmətin yaxşılaşdırılmasına dair kollegiya iclası keçirilib

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində əhaliyə göstərilən onkoloji tibbi xidmətin yaxşılaşdırılmasına dair kollegiya iclası keçirilib.

 

 

Tədbiri giriş sözü ilə açan səhiyyə naziri Niyazi Novruzov bildirib ki, ölkəmizdə, o cümlədən Naxçıvan Muxtar Respublikasında səhiyyənin inkişafı istiqamətində kompleks tədbirlər aparılır, səhiyyə infrastrukturunun yenilənməsi, yeni ambulator və stasionar müalicə-profilaktika müəssisələrinin yaradılması əhalinin sağlamlığının qorunmasına xidmət edir. Bu gün Naxçıvanda digər xəstəliklərlə yanaşı, onkoloji xəstəliklərin də müalicəsi və profilaktikası diqqət mərkəzində saxlanılır. Naxçıvan Muxtar Respublikası Onkoloji Mərkəzin həkimləri mütəmadi olaraq muxtar respublikanın bölgələrində profilaktik müayinələr aparırlar. Qadın işçilərinin süd vəzi xərçəngönü xəstəliklərinin aşkar edilməsi üçün kütləvi profilaktik tibbi müayinələrin keçirməsi də muxtar respublikada əhalinin sağlamlığının qorunması istiqamətində görülən işlərin tərkib hissəsidir. Naxçıvana dəvət olunan yüksəkixtisaslı onkoloq-həkimlər tərəfindən aparılan müayinə və uğurlu əməliyyatlar, keçirilən konfranslar onkologiya sahəsində çalışan həkim, tibb bacıları və bu istiqamətdə təhsil alan tələbələr üçün olduqca əhəmiyyətlidir. Belə tədbirlər əhalinin sağlamlığının qorunması ilə yanaşı, həm də onkologiya sahəsində qazanılmış uğurları, müasir tibb texnologiyalarının nailiyyətlərindən istifadə imkanlarını yerli həkimlərlər bölüşmək məqsədi daşıyır.

Nazir onkoloji mərkəzdə yaradılmış hərtərəfli şəraitdən səmərəli istifadə edilməsi sahəsində müəyyən qüsurlara da yol verildiyini, xərçəngönü xəstəliklərinin aşkar edilməsi sahəsində səhiyyə maarifi işinin lazımi səviyyədə olmamasını da tənqid edib, bu sahədə təcili tədbirlərin görülməsinin zəruriliyini vurğulayıb.

Sonra nazirliyin Tibbi yardımın təşkili şöbəsinin müdiri Süleyman Cəfərov Naxçıvan Muxtar Respublikası Onkoloji Mərkəz tərəfindən cari ilin 9 ayı ərzində əhaliyyə göstərilən tibbi xidmətin vəziyyəti haqqında məlumat verib. Qeyd olunub ki, bu gün onkoloji xəstəliklərin qarşısının alınması üçün ölkəmizdə, eləcə də muxtar respublikamızda məqsədyönlü tədbirlər görülür. Naxçıvan Muxtar Respublikası Onkoloji Mərkəzinin yeni binası 2009-cu ilin dekabr ayında istifadəyə verilmiş 3 mərtəbəli tam uyğunlaşdırılmış binada yerləşib. 30 çarpayılıq Mərkəzdə əhaliyə 8 həkim tərəfindən onkoloji xidmət göstərilir. Burada mammoqrafiya, USM, rentgen, ginekoloji, rentgen terapiya, labarotoriya, şüa müalicə kabinələri və cərrahi blokun fəaliyyəti təmin edilib. Mərkəzdə bütün avadanlıqlar yeni alınıb və müasir standartlara uyğundur.

 

 

2019-cu ilin 9 ayı ərzində mərkəzin poliklinka şöbəsinə 3 min 43 gəliş olub, ilkin aşkar olunma xəstəlikləri sırasında ən çox süd vəzi, ağciyər, mədə, uşaqlıq xərçəngi təşkil edib. Xəstələrin müalicəsində kompleks, kombinə olunmuş və monoterapiyadan istifadə olunur. Stasionar xəstələrin 108 nəfərində komleks, 220 nəfərində kombinə olunmuş, 66 nəfərində isə monoterapiya müalicəsi aparılıb.

Qeyd olunanlar nəzərə alınaraq Muxtar Respublikası Səhiyyə Nazirliyi müvafiq qərar qəbul edib. Qərarda Muxtar Respublikası Onkoloji Mərkəzi tərəfindən əhaliyə göstərilən tibbi xidmətin daha da yaxşılaşdırılması məqsədilə ambulator və stasionar onkolojin tibbi xidmətin, profilaktiki müayinələrin, mamoqrafiya, rentgen, onko-ginekoloji, laborator müayinələrinin səmərəli təşkili sahəsində müəyyən nöqsanlar qeyd olunub. Onkoloji Mərkəzə əhaliyə göstərilən ambulator və stasionar onkoloji tibbi xidmət göstəricilərinin daha da yaxşılaşdırılması barədə tədbirlər planı hazırlanması barədə tapşırıq verilib. Xəstələrin erkən aşkar edilməsi, müainə, müalicə və dispanserizasiya tədbirlərinə nəzarətin daha da gücləndirilməsi, xəstələrin erkən aşkarlanma tədbirlərinin artırılması, muxtar respublikada daha çox rast gəlinən süd vəzi, ağciyər, uşaqlıq, prostat vəzi xərçənginin erkən aşkar olunması üçün risk yaş qrupuna daxil olan əhali arasında kütləvi profilaktiki müainə tədbirlərin genişləndirilməsi zəruri hesab edilib. Xəstələrin diaqnostikası üçün laborotor müaynə tədbirlərinin yaxşılaşdırılması, patohistoloji, citoloji və digər müainə tədbirlərinin standartlara uyğun aparılması, leykozların və digər hematoloji-onkoloji xəstələrin diaqnostikası ilə bağlı tədbirlərinin daha da yaxşılaşdırılmasına nəzarətin gücləndirilməsi, bütün onkoloji xəstələrin müainə və müalicə tədbirlərinin kliniki protokllara uyğun həyata keçirilməsi qərarda öz əksini tapıb. Həmçinin onkoloji xəstələrə cərrahi xidmətin yaxşılaşdırılması, onkoloji xəstəliklərin diaqnostikası, müalicə və profilaktikası ilə bağlı əhali arasında səhhiyyə-maarifi tədbirləri daha da artırılması, həkimlərin peşə və bacarıqlarının artırılması üçün onların müntəzəm olaraq ixtisasları üzrə təkmilləşmə kurslarına göndərilməsinə nəzarətin gücləndirilməsi, onkologiyanın aktual problemlərinə aid seminarların keçirilməsinə nəzarətin artırılması barədə tapşırıqlar verilib.

Həmçinin ambulator və stasionar müalicə ilə məşğul olan tibb müəsissə rəhbərlərinə tapşırılıb ki, əməliiyat olunan xəstələrdə şişə şübhə olan bütün hallarda patohistoloji müayinənin aparılması həyata keçirilsin. Bu məqsədlə Onkoloji Mərkəzin laboratoriya şöbəsinin fəaliyyətindən səmərəli istifadə edilsin.

Kollegiya iclasında Babək rayonunda uşaq əhalisi arasında qoruyucu peyvəndlərin icra vəziyyəti haqqında məsələ də müzakirə edilib, müvafiq qərar qəbul olunub.

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidməti