Səhiyyə Nazirliyi Şahbuz rayonunda səyyari kollegiya iclası keçirib

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi sentyabrın 27-də Şahbuz Rayon Mərkəzi Xəstəxansında səyyari kollegiya iclası keçirib.

Tədbirdə 2019-2020-ci il payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələr müzakirə edilib. Səhiyyə naziri Niyazi Novruzov bildirib ki, bütün sahələr kimi, səhiyyə də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə əhatə olunub. Aparılan səhiyyə quruculuğu təkcə rayon mərkəzlərini deyil, eyni zamanda ucqar dağ kəndlərini də əhatə edib ki, bu da əhalinin sağlamlığının yüksək səviyyədə təşkilinə əlverişli şərait yaradıb. Tikilən və ya əsaslı şəkildə yenidən qurulan səhiyyə müəssisələrinin müasir istilik sistemi ilə təchiz olunması payız-qış mövsümündə onların fasiləsiz fəaliyyətini təmin edib. 2019-cu ildə aparılan tikinti-quruculuq işləri başa çatdıqdan sonra şəhər və rayon səhiyyə müəssisələri də daxil olmaqla, qış mövsümündə 83 tibb müəssisəsi fərdi istilik sistemi,116 müəssisə mərkəzi istilik sistemi, 21 müəssisə neft sobası, 5 müəssisə təbii qazla qızdırılacaq. Ötən il səhiyyə müəssisələrinin 83 faizi istilik sisteminə malik idisə, bu il səhiyyə quruculuğu sahəsində aparılan işlərin nəticəsində bu göstərici 87 faiz təşkil edir. 2019-2020-ci ilin payız-qış mövsümündə istilik sistemi quraşdırılmayan səhiyyə müəssisələrinin fasiləsiz işini təmin etmək üçün onların yanacaq, mal və materiallara olan tələbatı müəyyənləşdirilib.

Səhiyyə naziri qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisində sentyabrın 7-də 2019-2020-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilən müşavirədə payız-qış mövsümündə səhiyyə müəssisələrinin fasiləsiz fəaliyyətinin təmin olunması, yaradılan müasir səhiyyə infrastrukturlarının qorunması və onlardan səmərəli istifadə olunması tapşırılıb. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi verilmiş tapşırıqların icrasını təmin etmək məqsədilə bu istiqamətdə fəaliyyətini gücləndirəcək, istilik sistemlərində çalışan texniki işçilərin peşə kurslarına cəlbini diqqətdə saxlayacaq, yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl edilməsi, xəstəxanalarda elektrik enerjisindən səmərəli istifadə olunması, israfçılığa yol verilməməsi məqsədilə maarifləndirici söhbətlər aparacaqdır.

Sonra Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi aparatının rəhbəri Vüqar Babayev, Şahbuz Rayon Mərkəzi Xəstəxanasının baş həkimi İlvin Rzayev çıxış edərək səhiyyə müəssisələrində 2019-2020-ci illərin payız-qış mövsümünə hazırlığın vəziyyəti barədə məlumat veriblər.

Kollegiya iclasında digər məsələlər də müzakirə olunub. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Tibbi xidmətin təşkili şöbəsinin müdiri Süleyman Cəfərov Şahbuz rayonunda əhaliyə göstərilən tibbi xidmətin, Naxçıvan şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Zeynəb Mustafayeva isə tibbi xidmətin vəziyyəti haqqında çıxış ediblər.

Kollegiya ilcasında müzakirə olunan məsələlərlə əlaqədar müvafiq qərarlar qəbul olunub.

Səhiyyə naziri Niyazi Novruzov qazanılmış uğurlarda əməyi olanlara minnətdarlığını bildirib, səhiyyə müəssisələrinin rəhbərlərinə konkret tapşırıqlar verib.

 

 

Axırda tədbir iştirakçıları Şahbuz Rayon Mərkəzi Xəstəxanasının maddi-texniki bazası ilə tanış olublar. Səyyari kollegiyaların digər rayonlarda da keçirilməsi nəzərdə tutulub.

 

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidməti