Əhalinin sağlamlığı diqqət mərkəzində saxlanılır Aprel ayının səhiyyə statistikası:

04.05.2021

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi əhalinin sağlamlığının qorunması və tibbi xidmətin səviyyəsinin yüksəldilməsi istiqamətində fəaliyyətini mart ayında da davam etdirib, yoluxucu xəstəliklərin profilaktikası, ilkin səhiyyə xidmətinin yeni tələblərə uyğunlaşdırılması diqqət mərkəzində saxlanılıb.

Muxtar respublikada ən son yenilikləri özündə əks etdirən avadanlıqlarla təchiz olunmuş tibb ocaqlarının istifadəyə verilməsi davam etdirilib. Belə ki, Ordubad rayon Uşaq Xəstəxanası bütün növ tibbi avadanlıq və ləvazimatlarla təmin edilərək əhalinin istifadəsinə verilib.

Ötən ay Azərbaycan Respublikası Səhiyyə Nazirliyi İnnovasiya və Təchizat Mərkəzindən dializ olunan xroniki böyrək çatışmazlığı olan xəstələr üçün dializ materialları və dərman preparatları, idarə olunan yoluxucu xəstəliklərin immunoprofilaktikası məqsədilə peyvənd materialları, Covid-19 virusuna qarşı SARS-Cov-2 və Sinovac vaksini, şpris və şprisləri məhv etmək üçün konteyner

gətirilib.

Tibb işçilərinin peşə bacarıqlarının yüksəldilməsi istiqamətində tədbirlər davam də etdirilib. Naxçıvan Muxtar Respublikası Gigiyena və Epidemiologiya Mərkəzinin 4 həkim və 4 orta tibb işçisi Azərbaycan Respublikası GEM-də laboratoriya kursu, 1 həkim və 1 orta tibb işçisi Naxçıvan şəhər tibb müəssisələrində iş yerində təcrübə keçməsi üçün göndərilib. Naxçıvan Dövlət Universitetinin Tibb Fakultəsinin 50 tələbəsi və Tibb Kollecinin 28 tələbəsi tibb müəssisələrinə hamiliyə verilib.

Yoluxucu xəstəliklərin profilaktikası məqsədilə hepatitlər və digər  mövzularda rayonlarda seminarlar və belə xəstələrin siyahılarını dəqiqləşdirmək üçün yoxlamalar keçirilib.

Naxçıvan Muxtar Respublika Xəstəxanasının həkim və tibb işçiləri rayon mərkəzlərinin, qəsəbə və kəndlərin, eləcə də ucqar sərhəd və dağ yaşayış məntəqələrinin səhiyyə müəssisələrində yaradılan imkanlar hesabına əhalinin tibbi müayinəsi  uğurla davam etdiriblər.
         Xəstəxananın həkim briqadası tərəfindən Ordubad şəhərində, Ağrı,Yuxarı Əylis, Vənənd kəndlərində və Şahbuz rayon Kolanı, Ağbulaq və Biçənək kəndlərində evdə baxıma ehtiyacı olan ahıl yaşlı və yataq xəstələrindən  53 nəfər tibbi müayinədən keçirilib.

Respublika xəstəxanasının göz həkimləri Kəngərli, Sədərək, Şahbuz və Ordubad  rayonlarında şəkərli diabet xəstəliyindən əziyyət çəkən 120 xəstənin göz dibinin müayinəsini  aparıb, lazımı  məsləhət və təyinatlar veriblər. 

Respublika xəstəxanasının qan bankında Naxçıvan şəhər könüllü donorlarının qanvermə aksiyası keçirilib, 21 nəfərdən 10,5 litr qan tədarük edilib.

Ötən ay səhiyyə nazirliyində Nehrəm Qəsəbə Xəstəxanasının  baş həkimi Hüseyn Niftəliyevin 70 illik yubiley tədbiri, Naxçıvan Şəhər Poliklinikasında isə Akademik Zərifə xanım Əliyevanın anadan olmasının 98-ci  ildönümü ilə əlaqədar tədbir keçirilib.

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həkimləri tərəfindən Naxçıvan Muxtar Respublika Xəstəxanasında 12 nəfərdə müayinə, 8 nəfərdə cərrahiyyə əməliyyatı  aparılıb.

Naxçıvan Muxtar Respublikası Onkoloji Mərkəzin həkimləri tərəfindən Şahbuz rayonunun Biçənək, Ağbulaq və Gömür kəndlərində təhsil işçilərindən 32 nəfər qadında və kənd sakinlərindən 28 qadında  süd vəzin profilaktik müayinəsi aparılıb, 6 nəfərdə patologiya müəyyənləşdirilərək Onkoloji Mərkəzə ətraflı müayinə və müalicəyə dəvət olunub.

Naxçıvan Muxtar Respublikası Ağciyər Xəstəlikləri Dispanserinin həkim briqadası tərəfindən Xanım Qızlar Liseyində, 1 və 3 nömrəli orta məktəblərdə IX,  X və XI sinif şagirdlərindən 172 uşaqda səyyari flüoroqrafiya  müayinəsi  aparılıb, xəstə aşkar olunmayıb.

Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində pediatr, oftalmoloq, stomatoloq, ortoped tərəfindən 23 min 529 şagirdin müayinəsi aparılıb, 2 min 333 nəfər dispanser qeydiyyata alınıb.

İnfeksiya ocağı olan yerlərdə 1-6-cı sinif şagirdlərindən 4 min 279 uşağa tuberkulin sınağı  aparılıb, 1 uşaqda müsbət, 5 uşaqda şübhəli hal aşkar edilib.

Peyvənddən yayınmış uşaqlar arasında peyvənd həftəsi keçirilib. 203 uşaqda immunizasiya aparılıb.

“Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq  muxtar respublikamızda da  peyvənd işləri mart ayında da davam etdirilib. COVID-19 xəstəliyinə qarşı  profilaktika tədbiri  olaraq ay ərzində 1659 nəfərə I tur və 2 min 170 nəfərə II tur vaksinasiya həyata keçirilib.

Naxçıvan Muxtar Respublika ərazisində genişləndirilmiş dezinfeksiya tədbiri olaraq, Fövqəlada Hallar Nazirliyi birgə 564000 m2 sahədə dezinfeksiya işləri aparılıb.

Naxçıvan Muxtar Respublikası  Gigiyena və Epidemiologiya Mərkəzi və  Baytarlıq Xidmətinin  birgə hazırladığı tədbirlər planına uyğun olaraq Naxçıvan şəhər ərazisində fəaliyyət göstərən ət və ət məhsullarının, süd və süd məhsullarının istesalı və satışı ilə məşğul olan sahibkarlıq müəssisələrinə  baxış keçirilib. 

Ay ərzində  tikintisi ,,Nəxşicahan”, ,,Gəmiqaya” və Naxçıvan şəhər Tikinti İdarəsi tərəfindən aparılan obyektlərdə çalışan işçilər üçün sanitariya norma və qaydalarına uyğun olaraq paltar dəyişmə, yeməkxana, sanitar qovşağı, istirahət otaqlarının vəziyyətinə baxış keçirilib.

Məktəb yaşlı uşaqlarda helmintozların profilaktikası məqsədilə Naxçıvan şəhərindən 42 uşaqda müayinələr aparılıb, 18 uşaqda helmint aşkarlanıb.

,,Nəqliyyat vasitələrinin texniki xidməti və həmin sahədə sanitar gigiyenik tələblər” hazırlanaraq təsdiq edilib.

Ali və orta ixtisas təhsil müəssisələrində sanitar gigiyenik vəziyyəti araşdırmaq məqsədi ilə Naxçıvan Dövlət Universitetinin Dövlətşünaslıq və Kənd Təsərrüfatı fakultəsinə, Baytarlıq kafedrasına, əsas korpusa, Beynalxalıq Münasibətlər kafedrasına, xəstəxana binasına, Naxçıvan şəhər Müəllimlər İnstitutuna, Naxçıvan şəhər Texniki Kollecinə baxışlar keçirilib.

 

        Naxçıvan Muxtar Respublikası  Səhiyyə Nazirliyinin mətbuat xidməti