2021-ci il fevral ayının səhiyyə mənzərəsi

01.03.2021

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi əhalinin sağlamlığının qorunması və tibbi xidmətin səviyyəsinin yüksəldilməsi istiqamətində fəaliyyətini fevral ayında da davam etdirib, yoluxucu xəstəliklərin profilaktikası, ilkin səhiyyə xidmətinin yeni tələblərə uyğunlaşdırılması diqqət mərkəzində saxlanılıb.

Aparılan genişmiqyaslı quruculuq işlərinə uyğun olaraq Ordubad rayon Yuxarı Əndəmic və Nüsnüs kənd həkim ambulatoriyası və Şahbuz rayon Ağbulaq kənd həkim ambulatoriyası bütün növ tibbi avadanlıq və ləvazimatlarla təmin edilərək əhalinin istifadəsinə verilib.

Ötən ay Azərbaycan Respublikası Səhiyyə Nazirliyi İnnovasiya və Təchizat Mərkəzindən dializ olunan xroniki böyrək çatışmazlığı olan xəstələr üçün dializ materialları və dərman preparatları, M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasından Hemofiliyalı və Talassemiyalı  xəstələr  üçün   faktor dərman preparatları  gətirilib.

Ağbulaq İstirahət Mərkəzində Ağbulaq həkim ambulatoriyasının tibb işçiləri, Fövqəladə Hallar Nazirliyi ilə birgə dağ-xizək travmaları zamanı ilkin tibbi yardıma dair təlim-treninq keçirilib.

Tibb işçilərinin peşə bacarıqlarının yüksəldilməsi istiqamətində tədbirlər davam etdirilib. 1 həkim və 1 rezident Bakı şəhərində, 2 həkim və 3 tibb bacısı Naxçıvan şəhər tibb müəssisələrində iş yerində təcrübə keçməyə, 8 tibb bacısı fizioterapiya üzrə, 10 laborant ixtisası üzrə Tibb Kollecində nəzəri və tibb müəssisələrində praktiki təcrübə keçməyə göndərilib. Naxçıvan Dövlət Universitetinin Tibb Fakultəsinin 11 tələbəsi və Tibb Kollecinin 121 tələbəsi tibb müəssisələrinə hamiliyə verilib.

Naxçıvan Muxtar Respublika Xəstəxanasının həkim briqadası Babək rayonunda və kəndlərində yaşayan Qarabağ müharibəsi qazilərindən 6 nəfəri evlərdə  hərtərəfli tibbi müayinədən keçirib. Ayrı-ayrı rayonlarda şəkərli diabet xəstəliyindən əziyyət çəkən 138 xəstənin göz dibinin müayinəsini  aparılıb, lazımı  məsləhət və təyinatlar verilib. 

Xəstəxananın 12 nəfərdən ibarət həkim briqadası  M.Füzuli adına Ordubad rayon tam orta internat məktəbində 43 şagirdi ambulator müayinə edib, ehtiyacı olanlarda USM müayinəsi və laborator müayinələrdən keçirib.

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həkimləri tərəfindən Naxçıvan Muxtar Respublika Xəstəxanasında 11 nəfərdə müayinə, 10 nəfərdə cərrahiyyə əməliyyat icra olunub.  Bakı şəhərindən dəvət olunmuş LOR həkimi Ruslan Qurbanov tərəfindən isə 10 xəstədə cərrahi  LOR əməliyyatı aparılıb.

Naxçıvan Muxtar Respublikası Onkoloji Mərkəzin həkimləri tərəfindən Şahbuz rayonunun Badamlı qəsəbə, Badamlı, Şada  kəndlərində təhsil işçilərindən 35 nəfər qadında və kənd sakinlərindən 22 qadında  süd vəzin profilaktik müayinəsi həyata keçirilib, 6 nəfərdə patologiya aşkar olunaraq  Onkoloji Mərkəzə ətraflı müayinə və müalicəyə dəvət olunub.

Tibb işçilərinin Covid-19 virusuna qarşı vaksinasiyanın ilk mərhələsi başa çatıb,  bütövlükdə 3 min 480 nəfər tibb işçisi vaksinasiya edilib.

Mövsümi qripə qarşı risk qruplarından olan vətəndaşlardan 11 min 585 nəfərə qrip əleyhinə vaksinasiya aparılıb ki, , bunun da 1800 nəfərini  uşaqlar təşkil edir.

Qanla işləyən tibb işçiləri, hemofiliya, dializ xəstələrindən 252 nəfərinə hepatitə qarşı I və II tur vaksinasiya aparılıb, koronavirus pandemiyası ilə mübarizə tədbirləri çərçivəsində karantində olan vətəndaşların yaşadığı evlərdə dezinfeksiya işləri və səhiyyə maarifi işləri, məktəblərdə hər gün termometriya aparılması və dezinfeksiya işləri, məktəbəqədər müəssisələrdə, məktəblərdə, ictimai iaşə, su təchizatı qurğuları və digər obyektlərdə sanitar gigiyenik vəziyyətə nəzarət yoxlamaları davam etdirilib.

Ərzaq istifadə edən müəssisələrdə sanitar vəziyyətə nəzarət məqsədilə yoxlamalar aparılıb. 44 istehsalat obyektində monitorinq keçirilib, 7 obyektdə sanitar pozğunluq barədə şifahi xəbərdarlıq edilib.

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidməti