Dekabr ayının səhiyyə mənzərəsi

30.12.2020

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi əhalinin sağlamlığının qorunması və tibbi xidmətin səviyyəsinin yüksəldilməsi istiqamətində fəaliyyətini dekabr ayında da davam etdirib, yoluxucu xəstəliklərin profilaktikası, ilkin səhiyyə xidmətinin yeni tələblərə uyğunlaşdırılması diqqət  mərkəzində  saxlanılıb.

Aparılan genişmiqyaslı quruculuq işlərinə uyğun olaraq  Şərur rayonunun  Şəhriyar kəndndə yeni tikilmiş həkim ambulatoriyası və Şahbuz rayon GEM-i dekabr ayında bütün növ tibbi avadanlıq və ləvazimatlarla təmin edilərək əhalinin istifadəsinə verilib.

Ötən ay Azərbaycan Respublikası Səhiyyə Nazirliyi İnnovasiya və Təchizat Mərkəzindən dializ olunan xroniki böyrək çatışmazlığı olan xəstələr üçün dializ materialları və dərman preparatları,  12 min  doza qrip vaksini və işlənmiş şprisləri məhv etmək üçün konteyner, ilkin vərəm intoksikasiyasının təyini məqsədilə 5 min  doza Tuberkulin, Mirəsədulla Mirqasımov adına Respublika Klinik Xəstəxanasından hemofiliyalı və talassemiyalı xəstələr üçün 8-ci  faktor dərman preparatları gətirilib.

Tibb işçilərinin peşə bacarıqlarının yüksəldilməsi istiqamətində tədbirlər davam etdirilib. 1 rezident Bakı şəhərinə iş yerində təcrübə keçməsi üçün, 30 peyvənd tibb bacısı, 7 fiziopterapiya tibb bacısı və 13 mama Tibb Kollecində təkmilləşdirmə kursu keçmək üçün göndərilib.

Naxçıvan Naxçıvan Muxtar Respublika  Səhiyyə Nazirliyində  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə Tibbi-Sosial Ekspertiza və Reablitasiya altsisteminin fəaliyyətə başlaması ilə əlaqədar maarifləndirici seminar keçirilib.

Naxçıvan Muxtar Respublika Xəstəxanasının həkim briqadası Naxçıvan şəhərində və Culfa rayon Camaldın, Saltax, Bənəniyar, Göydərə, Xoşkeşin kəndlərində yaşayan Qarabağ müharibəsi qazilərindən 16 nəfəri hərtərəfli tibbi müayinələrlə əhatə edib. Bu tədbir dekabrın 29-da  Kəngərli rayonunda da həyata keçirilib.

Koronavirus pandemiyası ilə mübarizə tədbirləri çərçivəsində karantində olan vətəndaşların yaşadığı evlərdə dezinfeksiya işləri və səhiyyə maarifi işləri, məktəblərdə hər gün termometriya və dezinfeksiya işləri davam etdirilib.

Naxçıvan Muxtar Respublikasında qeydiyyatda duran hamilələr, xroniki xəstələr, tibb işçiləri, uşaq və yeniyetmə müəssisələrində çalışan şəxslərə qrip əleyhinə peyvənd məqsədilə 2 min 800 nəfərdə vaksinasiya aparılıb.

Babək rayon Nehrəm, Cəhri, Şıxmahmud, Kəngərli rayon Qarabağlar, Qıvraq, Xök, Şahbuz rayon Şahbuzkənd, Culfa rayon Göydərə, Naxçıvan şəhər Tumbul  kəndlərində 6 min 100 doza tuberkulin sınaqları həyata keçirilib.

Qanla işləyən tibb işçilərindən 142 nəfərinə II tur, 65 nəfərinə I tur hepatitə qarşı vaksinasiya icra olunub. 

Naxçıvan Muxtar Respublika təhsil müəssisələrində şagirdlərin pediatr, oftalmoloq, stomatoloq, ortoped tərəfindən 45 min 974 nəfərdə müayinə 9252 nəfər dispanser qeydiyyata alınıb.

Sanitariya-gigiyena, əksepidemik rejimlərin tələblərinin yerinə yetirilməsi və dezinfeksiya tədbirlərinin həyata keçirilməsi işinin gücləndirilməsi, kəskin respirator virus infeksiyasının yayılmasının qarşısının alınması  istiqamətində kompleks  profilaktik  tədbirlərə yenidən start verilib. Fövqəladə Hallar Nazirliyi ilə birgə muxtar respublika ərazisində genişmiqyaslı dezinfeksiya işləri aparılıb.

                                                                                                                                     Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidməti