Noyabr ayının səhiyyə mənzərəsi

01.12.2020

Əhalinin sağlamlığı üzrə ardıcıl tədbirlər həyata keçirilib.

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi əhalinin sağlamlığının qorunması və tibbi xidmətin səviyyəsinin yüksəldilməsi istiqamətində fəaliyyətini noyabr ayında da davam etdirib, yoluxucu xəstəliklərin profilaktikası, ilkin səhiyyə xidmətinin yeni tələblərə uyğunlaşdırılması diqqət mərkəzində saxlanılıb.

Muxtar respublikada ən son yenilikləri özündə əks etdirən avadanlıqlarla təchiz olunmuş tibb ocaqlarının istifadəyə verilməsi davam etdirilib. Ötən ay Duzdağ Fizioterapiya Mərkəzinin inzibati binasının və Şərur rayon Qarabürc Feldşer Mama Məntəqəsinin açılışı olaraq əhalinin istifadəsinə verilib.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi İnnovasiya və Təchizat Mərkəzindən dializ olunan xroniki böyrək çatışmazlığı olan xəstələr üçün dializ materialları və dərman preparatları, qrip vaksini və işlənmiş şprisləri məfv etmək üçün konteyner, idarə olunan yoluxucu xəstəliklərin immunprofilaktikası məqsədilə peyvənd materialları, şprislər və işlənmiş şprisləri məfv etmək üçün konteyner, Azərbaycan Respublikası Milli Onkologiya Mərkəzindən Naxçıvan Muxtar Respublika Onkologiya Mərkəzinə kimyəvi terapiya aparmaq üçün dərman preparatları gətirilib.

Tibb işçilərinin peşə bacarıqlarının yüksəldilməsi istiqamətində tədbirlər davam etdirilib. 1 həkim, 1 rezident və 1 orta tibb işçisi Naxçıvan şəhər tibb müəssisələrində iş yerində təcrübə keçməyə göndərilib.

         “Antibiotiklərə həssaslıq həftəsi” çərçivəsində Culfa rayonunda səyyari konfrans keçirilib, 14 Noyabr Diabet Günü ilə əlaqədar Naxçıvan Muxtar Respublika Xəstəxanasının həkimləri Ordubad Rayon Mərkəzi Xəstəxanasında seminar keçirib, diabet xəstələrində göz dibinin müayinələri aparılıb.

         Qanla işləyən tibb işçilərindən 142 nəfərinə hepatitə qarşı vaksinasiya aparılıb.Hazırda bu tədbir davam etdirilir.

Naxçıvan Muxtar Respublika Xəstəxanası, Doğum Mərkəzi, Diaqnostika Müalicə Mərkəzi, Mərkəzi Uşaq Xəstəxanası, Psixi Xəstəliklər Dispanseri, Ağciyər Xəstəlikləri Dispanseri, Şərur, Ordubad, Culfa rayon mərkəzi xəstəxanalarının tibb işçilərinə, Naxçıvan şəhər uşaq bağçalarının 2700 işçisinə qrip əleyhinə peyvənd edilib.

Naxçıvan Muxtar Respublika Xəstəxanasının göz həkimləri şəkərli diabet xəstələrinin göz dibinin müayinəsi məqsədilə Şahbuz, Babək, Ordubad, Sədərək, Kəngərli rayon mərkəzi xəstəxanalarınnda 158 nəfəri müayinədən keçirib, lazımı  məsləhət və təyinatlar veriblər. 

          Naxçıvan Muxtar Respublika Xəstəxanasının həkim briqadası Şahbuz rayon Ayrınc, Kolanı, Qızıl Qışlaq, Kükü kəndlərində evdə baxıma ehtiyacı olan 30 nəfər ahıl yaşlı və yataq xəstəsinə evlərində    tibbi xidmət göstərib.

          Naxçıvan Muxtar Respublika Onkoloji Mərkəzin həkimləri tərəfindən Şahbuz rayonunun 3 kəndində təhsil işçilərindən 39 nəfər qadında və kənd sakinlərindən 39 qadında  süd vəzin profilaktik müayinəsi aparılıb, 6 nəfərdə patologiya aşkar olunaraq Onkoloji Mərkəzə ətraflı müayinə və müalicəyə dəvət edilib.

            Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində pediatr, oftalmoloq, stomatoloq, ortoped tərəfindən 42 min 300 şagird müayinələrə cəlb olunub, 6 min 350 nəfər dispanser qeydiyyata alınıb.

 Koronavirus pandemiyası ilə mübarizə tədbirləri çərçivəsində karantində olan vətəndaşların yaşadığı evlərdə dezinfeksiya və səhiyyə maarifi, məktəblərdə isə hər gün termometriya və dezinfeksiya işləri aparılıb. Koronavirus testi müsbət çıxan xəstələr evlərində, yaşadıqları yerdə tibbi xidmətlə əhatə olunub.

 

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidməti